3 C
Baku
Saturday, December 14, 2024

“SOCAR Balkans” Bolqarıstanda fəaliyyət göstərməyi planlaşdırır

“SOCAR Balkans” şirkəti (SOCAR-ın Balkan ölkələrindəki törəmə şirkəti) Bolqarıstanda biznes modeli hazırlayacaq. Bu barədə şirkətin baş icraçı direktoru Murad Heydərov məlumat verib.

“Hər bir bazar üstünlüklər təklif etməklə yanaşı, müxtəlif oyunçular arasında rəqabət ərazisidir, buna görə də biz hazır olmaq istəyirik. Bunun üçün məsləhətçilər dəvət etmişik və onlar Bolqarıstanda biznes aparmaq üçün optimal model təqdim edəcəklər. Bu təhlil əsasında biz həll hazırlayacaq və Bolqarıstan bazarına çıxmaq üçün münasib zamanı seçəcəyik», – deyə o, “Bloomberg TV”-nin efirində bildirib.

Baş icraçı direktorun sözlərinə görə, bazarın imkanlarını və xüsusiyyətlərini qiymətləndirmək üçün onu araşdırmaq lazımdır.

M.Heydərov qeyd edib ki, şirkət tərəfindən Türkiyə və Yunanıstanda da bu cür strategiya qəbul edilib.

“Bizim strategiyamız regionda (Balkan – İF) həyata keçirilən layihələrdə iştirakı nəzərdə tutur və Bolqarıstan bizim üçün ən cəlbedici bazar olaraq qalır. Mən deyərdim ki, bu ölkə bizim Avropa bazarına və daha konkret olaraq Cənub-Şərqi Avropa bazarlarına açılan pəncərəmizdir”, – deyə o vurğulayıb.

Şirkətin rəhbəri, həmçinin qeyd edib ki, SOCAR və Bolqarıstan arasında uğurlu əməkdaşlıq qurulub və “Şahdəniz” yatağından hasil olunan qazın 2020-ci ildən bu ölkəyə tədarükü bu əməkdaşlığın elementlərindən biridir.

“Bundan başqa, Azərbaycan Bolqarıstanın enerji strategiyasının vacib elementi olan “Balkan” qazpaylayıcı mərkəzinin yaradılması prosesini diqqətlə izləyir», – deyə M.Heydərov əlavə edib.

Xəbər verildiyi kimi, “Bulgargaz” və SOCAR arasında imzalanmış təbii qazın tədarükü haqqında müqaviləyə uyğun olaraq Bolqarıstan 2020-ci ildən etibarən hər il “Şahdəniz” yatağından hasil edilən 1 mlrd. kubmetr təbii qaz alacaq.

Son xəbərlər
Digər xəbərlər