Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) İnsan Resurslarının idarə edilməsi ilə bağlı bir sıra yeniliklər nəzərdə tutulub.
SOCAR-ın İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli müsahibəsində bildirib ki, bu yeniliklər SOCAR-ın prezidenti Rövnəq Abdullayevin ayın əvvəlində şirkətdə çalışan gənclərlə görüşündə verdiyi tapşırıqlarda da yer alıb.
Departament rəisi qeyd edib ki, “Azəriqaz” İstehsalat Birliyinin və Qaz İxrac İdarəsinin regionlar üzrə olan vakansiyalarına müraciət etmiş vətəndaşların imtahanlarının regionlarda keçirilməsi nəzərdə tutulur: “Regionlarda yaşayan vətəndaşların yol məsafəsinə görə çətinliyin aradan qaldırılması üçün addımlar atılır. Belə ki, müəyyən sayda namizəd yığıldıqdan sonra onların imtahanlarının regionlarda təşkili nəzərdə tutulur”.
O həmçinin qeyd edib ki, işə qəbulda üçüncü mərhələ olan müsahibə və peşə sınaqları mərhələsinin müəyyən hissəsinin birbaşa işəgötürən tərəfindən həyata keçirilməsi istiqamətində də addımlar atılır. Departament rəisinin sözlərinə görə, bununla bağlı sənədlər hazırlanır, normativlər, standartlar təsdiq olunduqdan sonra artıq üçüncü mərhələnin yerlərdə həyata keçirilməsi nəzərdə tutulur.
A.Bəkirli növbəti yenilik olaraq imtahan suallarının saytda yerləşdiriləcəyini bildirib. O qeyd edib ki, artıq hər kəs bütün sualları görə biləcək: “Hər hansı şəxs o suallardan istifadə edib möhtəkirliklə məşğul ola bilməyəcək. Sualları özümüz açıq şəkildə verəcəyik”.
2011-ci ildə yaradılan İnsan Resursları Departamentinin fəaliyyəti, işə qəbulun təşkili, insan resurslarının idarəedilməsində müasir yanaşmalar, peşəkarlığın, səriştəliliyin qiymətləndirilməsi istiqamətində görülən işlər və digər məsələlərlə bağlı geniş müsahibə ilə aşağıdakı videoda tanış ola bilərsiniz:
https://youtu.be/_loL5p5d1og
©Report