6 C
Baku
Saturday, December 14, 2024

SOCAR-da ixtisar planlaşdırılır? – Şirkətdən açıqlama

Hazırda SOCAR-da kütləvi ixtisar planlaşdırılmır.

Bunu SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov SOCAR prezidenti Rövnəq Abdullayevin imzaladığı əmrlə bağlı bildirib.

O qeyd edib ki, pandemiya şəraitində dünyanın bir çox aparıcı neft şirkətlərində ixtisarlar olub:

“COVID-19 pandemiyası ilə əlaqədar tətbiq olunan məhdudiyyətlər fonunda qlobal neft bazarında tələb-təklif balansının pozulmasının qarşısını almaq məqsədilə 2020-ci ilin aprelində “OPEC+” çərçivəsində neft hasilatının azaldılması haqqında qəbul olunmuş qərar üzrə Azərbaycan tərəfindən götürülmüş öhdəliklər SOCAR-da bir sıra islahatlar və optimallaşdırma tədbirlərinin həyata keçirilməsini zərurətə çevirir. Məlum olduğu kimi, hasilatın azaldılması əsasən qazma işlərinin həcminə və qurudakı hasilata təsir edir və həmin sahələrdə müəyyən boşdayanmalara səbəb olur.

Analoji proseslər dünyanın bir çox aparıcı neft şirkətlərində xərclərin azaldılması və kütləvi ixtisarlarla müşahidə olunub. SOCAR öz sosial məsuliyyəti çərçivəsində və büdcənin imkan verdiyi qədər, vəziyyətdən çıxış yolunu başqa sahələrdə axtarır, ixtisara yol verməməyə, istehsalat xərclərinin, idarəetmə aparatında əməkhaqlarının azaldılması kimi mümkün vasitələrdən istifadə etməklə əməliyyat dayanıqlığını təmin etməyə çalışır”.

İ.Əhmədovun sözlərinə görə, şirkətin boşdayanmaya məruz qalmış işçilərinə gələcəkdə dayanıqlı iş şəraiti yaradılması məqsədi ilə onların səriştə və bacarıqlarının yenidən qiymətləndirilməsi, daha potensiallı işçilərin seçilməsi və onların daha böyük hədəflər üçün hazırlanması, digər işçilərin qiymətləndirmənin nəticələrinə uyğun mövcud iş yerlərində yerləşdirilməsi, aşağı nəticə göstərən işçilərin isə şirkətin hesabına keçirilən təlimlərə cəlb olunmaları, peşəkarlıq bacarıqlarının təkmilləşdirilməsi, o cümlədən ixtisasartırma və yeni ixtisasa yiyələnmə istiqamətlərində müvafiq tədbirlər görülür.

Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (COCAR) prezidenti Rövnəq Abdullayev SOCAR-ın strukturuna daxil olan müəssisə və təşkilatlarda işçilərin attestasiyasının keçirilməsi haqqında əmr imzalayıb.

Son xəbərlər
Digər xəbərlər