23 C
Baku
Wednesday, October 5, 2022

SOCAR neftin hasilatın azalmasına görə “optimallaşma”ya gedir: işçi qəbulu dayandırılır

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) İnsan resursları departamenti işə qəbulla bağlı müraciət etmək istəyənlərə xəbərdarlıq edib.

Müraciətdə deyilir:

“Bildiyiniz kimi, Azərbaycan Respublikasının OPEC+ razılaşması çərçivəsində neft hasilatının azaldılması ilə əlaqədar öhdəliklərinin icrası məqsədi ilə hazırda SOCAR-da optimallaşdırma işləri aparılmaqdadır və bununla bağlı şirkətdən kənar işə qəbul prosesinin həyata keçirilməsi müvəqqəti məhdudlaşdırılmışdır.

Həmin razılaşma çərçivəsində öhdəliklərin icrasının təmin edilməsi məqsədilə neft hasilatının azaldılması istiqamətində bir sıra yataqların fəaliyyəti dayandırılmış və iş həcmləri azaldılmışdır. Qeyd edilənlərlə əlaqədar olaraq, boşdayanması gözlənilən SOCAR əməkdaşlarının məşğulluğunun və sosial dayanıqlığının təmin edilməsi məqsədilə bir sıra tədbirlər həyata keçirilir. Belə ki, “SOCAR-ın boşdayanma yol verilən iş yerlərində işçilərin məşğulluğunun, kadr hazırlığının təmin edilməsi üzrə” Proqram təsdiq edilmiş və icrası davam etməkdədir.

Müvafiq tədbirlərə uyğun olaraq SOCAR üzrə yaranan vakant yerlərin komplektləşdirilməsində ilk növbədə şirkət əməkdaşlarının o, cümlədən boşdayanmada olan və sərbəstləşən işçilərin iştirakını təmin etmək üçün 10.02.2021-ci il tarixində vakansiyalar şirkətdaxili elan edilmişdir. SOCAR əməkdaşları işçi portalına daxil olmaqla “Karyera imkanları” bölməsinin “Vakansiyalar üzrə axtarış” hissəsində müvafiq vakant yerlərlə tanış olaraq müraciət edə bilərlər.

Eyni zamanda qeyd etmək istəyirik ki, müraciətçilər arasında vakansiya üzrə kvalifikasiya tələblərinə uyğunluğu nəzərə alınmaqla qiymətləndirmə nəticələrinə və yaşayış ünvanına uyğun olaraq ilk növbədə boşdayanmada olan və ya sərbəstləşən işçilərin işə qəbul məsələsinə baxılacaq və onlara üstünlük veriləcəkdir”.

Son xəbərlər
Oxşar xəbərlər