Ölkədə həyata keçirilən layihələr əsasən yaşıl enerjinin ixracına yönəlib və Mərkəzi Asiyanı Azərbaycana, Azərbaycandan isə Qara dəniz vasitəsilə Avropaya birləşdirməyi hədəfləyir.
Bu sözləri “SOCAR Green” şirkətinin Günəş və külək enerjisi üzrə mütəxəssisi Elçin Tərguluyev “Azərbaycanın Günəş, Dənizdə Külək, Mavi və Yaşıl Hidrogen sahəsində potensialının araşdırılması” adlı paneldə çıxışı zamanı deyib.
Elçin Tərguluyev qeyd edib ki, ixrac marşrutları çoxşaxəlidir.
“Əsas marşrutlardan biri Naxçıvana, oradan da Türkiyə və Bolqarıstana, digəri isə Azərbaycan–Gürcüstan–Türkiyə marşrutu ilə Bolqarıstana keçir. Bu müxtəlif qruplar birləşərək Yaşıl Enerji Dəhlizlərini formalaşdırır. Layihələr çərçivəsində 2040-cı ilə qədər mərhələli şəkildə təxminən 4 giqavatlıq bərpaolunan enerji ixracı nəzərdə tutulur. Bərpaolunan enerji mənbələrinin fasiləliliyi nəzərə alınaraq, xəttin daima işlək vəziyyətdə qalmasını təmin etmək üçün faktiki olaraq 4 giqavatdan üç dəfə çox miqyasda enerji istehsalı tələb olunacaq. Layihələr Azərbaycanın yaşıl enerji sahəsində ixrac potensialını artıracaq və regionun dayanıqlı enerji inteqrasiyasına töhfə verəcək”, – deyə Elçin Tərguluyev bildirib.
Mənbə Azərtac