Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının iclası keçirilib.
SOCAR-dan bildirilib ki, iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarovun sədrliyi ilə keçirilən iclasda ilk öncə SOCAR-ın 2023-cü ilin ilk 9 ayı üzrə fəaliyyət nəticələri ətraflı müzakirə edilib. Hesabat dövründə neft və qaz yataqlarının işlənməsi üzrə görülən işlər, hasilat göstəriciləri, bərpaolunan enerji mənbələrinin inkişaf etdirilməsi, dekarbonizasiya istiqamətində atılan addımlar barədə məlumat verilib. Eyni zamanda, cari ilin ilk 9 aylıq nəticələri əsasında korporativ Əsas Səmərəlilik Göstəriciləri (ƏSG) üzrə hədəflərin icra vəziyyəti nəzərdən keçirilib, 2024-cü il üçün büdcə layihəsi müzakirə edilib.
Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il tarixli Sərəncamından irəli gələn tapşırıqlar çərçivəsində ölkədə bərpaolunan enerji mənbələrinin inkişafı, həmçinin SOCAR-ın dekarbonizasiya hədəflərinə çatması məqsədilə “SOCAR Green” MMC şirkətinin təsis edilməsi təsdiq edilib.
Müşahidə Şurasının iclasında, habelə “Yeni Əməliyyat Modeli”nin icra statusuna dair təqdimat edilib. Qarşıya qoyulan strateji məqsədlərə nail olmaq məqsədilə tətbiq olunan əməliyyat modelinin qısa müddət ərzində SOCAR-da korporativ idarəetmə proseslərinin təkmilləşdirilməsi, biznesin dayanıqlılığı və korporativ mədəniyyətin növbəti inkişaf mərhələsinə çatdırılması işlərinə mühüm töhfə verdiyi bildirilib.