12 C
Baku
Wednesday, December 10, 2025

SOCAR Gürcüstana ən çox xarici investisiya cəlb edən şirkət olub

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı törəmə “SOCAR Energy Georgia” MMC şirkəti bu ölkədə ən çox birbaşa xarici investisiya cəlb edən 10 şirkət arasında birinci yerdə qərarlaşıb.

Banker.az Report-a istinadən xəbər verir ki, ölkənin ən iri investorları sırasında yer alan digər şirkətlər arasında ikinci yerdə “Selfie Mobile” MMC, üçüncü yerdə “IDEA Borjomi Georgia” və “IDEA Borjomi Beverages Company Georgia Branch” şirkətləri yer alıb.

Növbəti yerləri bu siyahıda “Maqtikom” MMC, “TAV Urban Georgia” MMC, Poti Dəniz Limanı Korporasiyası və “Geosteel” MMC tutublar.

Onluğu “Lomisi” ASC, “Gürcüstan Sement” MMC və “Mina” ASC tamamlayırlar.

Məlumata görə, bu ilin üçüncü rübü üzrə Gürcüstana ən çox sərmayə yatıran ölkə ABŞ olub – 93,5 milyon dollar. İkinci yeri İspaniya (72,1 milyon dollar), üçüncü yeri isə Türkiyə (70 milyon dollar) qərarlaşıb.

Həmçinin bildirilir ki, Gürcüstanda 2025-ci ilin III rübü üzrə birbaşa xarici investisiyalar ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə artaraq 533,2 milyon ABŞ dollarına çatıb. Hesabata əsasən, 2024-cü ilin üçüncü rübündə bu göstərici 264,3 milyon dollar təşkil edib.

Bu ilin üçüncü rübündə ən çox investisiya qoyulan sahə daşınmaz əmlak sektoru olub – 91,7 milyon dollar (17,2 %). Nəqliyyat sektoru 79,8 milyon dollar (15 %), su təchizatı və tullantıların idarə olunması isə 71,5 milyon dollar (13,4 %) ilə ilk üçlükdə qərarlaşıb. Ardınca istehsal sənayesi – 68,3 milyon dollar və informasiya-kommunikasiya sektoru – 54,5 milyon dollar gəlir.

Son xəbərlər
Digər xəbərlər