Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) 2025-ci ilin ilk yarısında 1,8 mlrd. manata yaxın xalis mənfəət əldə edib ki, bu da illik müqayisədə 14% artımdır. Halbuki, keçən ilin müvafiq dövründə 1,5 mlrd. manat xalis mənfəət əldə etmişdi.
Banker.az şirkətin konsolidasiya edilmiş yarımillik hesabatına istinadən xəbər verir ki, şirkətin gəlirləri 2024-cü ilin eyni dövründə təxminən 45,1 mlrd. manat olduğu halda, 2025-ci ilin ilk yarısında 42,5 mlrd. manata enib. Bu, illik müqayisədə təxminən 6% azalma deməkdir.
Gəlirlərin azalmasına baxmayaraq, satışların maya dəyərinin daha sürətlə azalması ümumi mənfəətin ciddi artımına səbəb olub. Satışların maya dəyəri bir il əvvəlki 41,3 mlrd. manatdan təxminən 36,1 mlrd. manata düşüb ki, bu da təxminən 13% azalma deməkdir. Nəticədə ümumi mənfəət 3,7 mlrd. manatdan 6,4 mlrd. manata yüksəlib və bu göstərici üzrə təxminən 72% artım qeydə alınıb.
Əməliyyat xərclərinə baxdıqda, ümumi və inzibati xərclər təxminən 1 mlrd. manatdan 1,5 mlrd. manata yüksələrək təxminən 53% artıb. Paylaşdırma xərcləri isə 1 mlrd. manatdan 1,2 mlrd. manata qalxıb, bu da təxminən 27% artım deməkdir. Digər tərəfdən, gözlənilən kredit zərəri üzrə əvvəlki dövrdə bərpa (təxminən +95 mln. manat) qeydə alındığı halda, bu il təxminən 22 mln. manat xərc formalaşıb.
Bu dəyişikliklər fonunda əməliyyat fəaliyyətindən mənfəət 1,3 mlrd. manatdan 3,3 mlrd. manata yüksəlib. İllik müqayisədə bu göstərici üzrə təxminən 165% artım qeydə alınıb.
Maliyyə gəlirləri nisbətən stabil qalıb və təxminən 0,4 mlrd. manat səviyyəsində olub. Maliyyə xərcləri isə 1 mlrd. manatdan 1,3 mlrd. manata yüksələrək təxminən 22% artıb. Məzənnə fərqi üzrə zərərlər də artaraq 86 mln. manatdan 293 mln. manata çatıb ki, bu da təxminən 240% artım deməkdir. Eyni zamanda, xalis monetar mövqe üzrə gəlir 578 mln. manatdan 109 mln. manata düşərək təxminən 81% azalıb.
Birgə müəssisələrdən əldə olunan mənfəət təxminən 0,4 mlrd. manatdan 30 mln. manata düşüb və bu istiqamətdə təxminən 93% geriləmə müşahidə olunub. Asılı müəssisələrin mənfəətində pay da təxminən 0,5 mlrd. manatdan 95 mln. manata enib ki, bu da təxminən 81% azalma deməkdir.
Vergidən əvvəlki mənfəət 2024-cü ilin ilk yarısında təxminən 2 mlrd. manat olduğu halda, 2025-ci ilin ilk yarısında 2,4 mlrd. manata yaxın olub. Bu göstərici üzrə təxminən 18% artım qeydə alınıb. Mənfəət vergisi xərci 0,46 mlrd. manatdan 0,61 mlrd. manata yüksəlib.








