Azərbaycan Prezidenti İlham Əliyevin 8 dekabr fərmanına əsasən ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” Fondu yaradılıb. SOCAR-ın Baş ofisinin əməkdaşları vəzifə maaşlarının 10 %-i həcmində maliyyə yardımı ediblər.
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) bildiriblər.
Məlumata görə, onların təklifləri və Baş ofisin Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsünü nəzərə alan şirkət rəhbərliyi “YAŞAT” Fonduna Baş ofis əməkdaşlarının (şəhid ailələrinin üzvləri, qazilər, hazırda döyüş bölgəsində olanlar istisna edilməklə) 2020-ci ilin dekabr ayı üzrə vəzifə maaşlarının 10 %-i həcmində maliyyə yardımı göstərilməsini məqsədəuyğun hesab edib.
Qeyd edək ki, Vətən müharibəsi zamanı SOCAR işçilərinin könüllü fərdi ianələri nəticəsində toplanan 5 milyon manata yaxın məbləğ isə Azərbaycanın Silahlı Qüvvələrinə Yardım Fonduna köçürülüb.






