Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) texniki su xəttinin neft emalı zavodunun ərazisinə gətirilməsi üçün layihə üzərində çalışır.
Bunu Azərbaycan Su Ehtiyatları Agentliyinin tabeliyindəki “Azərsu” ASC-nin Elektron idarəertmə və müasir texnologiyalar departamentinin rəisi Cabbar Cabbarlı Bakı Su Həftəsi Konfransında (“Baku Water Week Conference”) bildirib.
“Hazırda NEZ ən böyük su istehlakçılarından biridir və ay ərzində 350-400 min kubmetr su alırlar. SOCAR-ın layihəsi reallaşdığı təqdirdə 350-400 min kubmetr sudan qənaət etmiş olarıq”, – C. Cabbarlı deyib.
O bildirib ki, sənaye müəssisələrində sudan soyutma məqsədi ilə istifadə edilir: “Bunun üçün Abşeron yarımadasında texniki sudan istifadə halları mövcud deyil. Texniki sudan istifadə halları olsa, içməli suya qənaət daha çox ola bilər”.
“Azərsu”nun rəsmisi qeyd edib ki, Azərbaycanda qeyri-əhali suvarmalarında 8%, restoran, şadlıq evlərində 4%, təhsil müəssisələrində 3%, xəstəxanalarda 2% sudan istifadə olunur.
Onun sözlərinə görə, hazırda “Azərsu” ASC 1 milyon 820 min abonentə xidmət göstərir, onlardan 96%-i əhali, 4%-i qeyri-əhali sektorunu əhatə edir.
“Ümumi satılan suyun həcminin 78%-i əhali, 22%-i qeyri-əhali sektorunun payına düşür. 22%-in 14%-i isə sənaye məqsədi ilə istifadə edilir”, – C. Cabbarlı deyib.
O bildirib ki, bu gün 300-ə yaxın sudan xammal istifadəçisi mövcuddur.