Neft-qaz sektorunda fəaliyətdə olan “Kaspian Drilinq Kompani Limited” MMC (Caspian Drilling Company – CDC) 2022-ci ili də zərər etdi və beləcə balansındakı yığılmış mənfəətdən “yeməkdədir”.
Banker.az CDC-nin illik audit hesabatına istinadən xəbər verir ki, şirkətin gəlirləri illik müqayisədə 78% azalmaqla 27.95 mln. manata düşüb. 2021-ci ildə 129.17 mln. manat gəliri vardı.
Şirkətin xidmətinin maya dəyəri isə gəlirlərindən dəfələrlə çox 135.06 mln. manat olub. Nəticədə, onun ümumi zərəri 107.1 mln. manat təşkil edib. “Kaspian Drilinq Kompani Limited”in ümumi və inzibati xərcləri 15.19 mln. manat olub bu öncəki ildən böyük fərq deyil.
Beləliklə, 2022-ci ildə 99.74 mln. manatlıq xalis zərər edib. 2021-ci ildə onun zərəri 64.4 mln. manat idi.
Bu zərərdən sonra onun balansındakı illərin bölüşdürülməmiş mənfəəti 303.79 mln. manatdan 204.04 mln. manata düşüb. 2020-ci ilin əvvəli bu rəqəm 423.5 mln. manat idi. Əlavə olaraq 2020-ci ildə mənfəət əldə etmiş və səhmdarlara 123.8 mln. manat dividend elan edilmişdi.
Xatırladaq ki, “Kaspian Drilinq Kompani şirkəti” 1996-cı ildə Bakıda təsis edilib, 285.85 mln. ABŞ dolları nizamnamə kapitalı var. Onun səhmlərində pay bölgüsü 92.44% və 7.56% ilə müvafiq olaraq SOCAR və “Union Grand Energy PTE LTD”yə məxsusdur.
Şirkət Xəzər dənizində ilk müştərək müəssisə kimi regionda qazma əməliyyatlarını həyata keçirmək məqsədilə yaradılıb.