Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) “Neftqaztikinti” tresti barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.
Banker.az bu barədə əldə etdiyi məlumata görə, bu protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə iddası ilə irəli sürülüb.
Protokol Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilib. İşə baxan hakim Sülhanə Hacıyevadır.
İXM-in 485.2-ci maddasinə görə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
Bu protokolun imzalanması şirkətin artıq cərimələnməsi deyil. Belə ki, Məhkəmə, iş materiallarını araşdırmaqla şirkətin cərimə edilib-edilməyəcəyinə qərar verir.
Xatırladaq ki, “Neftqaztikinti” tresti SOCAR-ın müəssisə və təşkilatları tərəfindən həyata keçirilən neft-qaz əməliyyatları çərçivəsində dərin, dayaz dəniz neft-qaz yataqlarında və quruda tikinti-quraşdırma və təmir işlərinin yerinə yetirilməsi məqsədilə yaradılıb. Trest 1949-cu ildə təsis edilən “Azərdənizneftinşaat” və 1979-cu ildə yaradılan “Xəzərdənizneftqaztikinti” trestlərinin bazasında formalaşıb və həmin qurumların hüquqi varisidir.