Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunda nizamnamə kapitalı 16.5 milyon dollar olan şirkət yaradılıb.
Banker.az xəbər verir ki, bu “SOCAR Green” MMC-dir. Şirkət İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən dövlət qeydiyyatına alınıb.
Kommersiya qurumu Dövlət Neft Şirkəti (SOCAR) ilə eyni hüquqi ünvanda – Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 121 ünvanında (“SOCAR Tower”) qeydiyyatdan keçib.
Qanuni təmsilçisi isə Elmir Musayev Əhmədoviçdir.
Xatırladaq ki, “SOCAR Green”in yaradılmasına SOCAR-ın Müşahidə Şurasının ötən ilin dekabr ayında keçirilmiş iclasında qərar verilib. Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında ölkə Prezidentinin 25 dekabr 2023-cü il tarixli sərəncamından irəli gələn tapşırıqlar çərçivəsində təsis olunan şirkətin əsas məqsədi SOCAR-ın strateji bərpaolunan enerji layihələrinin effektiv idarə edilməsi, bu sahədə beynəlxalq tərəfdaşlar ilə əməkdaşlıq imkanlarının genişləndirilməsi, habelə neft-qaz əməliyyatlarında dekarbonizasiya proseslərinə dəstək göstərməkdir.