9 C
Baku
Thursday, December 12, 2024

SOCAR-ın “törəməsi” 155 km uzunluğunda qaz boru kəməri alıb

ARDNŞ-nin törəmə strukturu olan “SOCAR Georgia Gas” Gürcüstanın bir neçə regionunda 155,31 min metr ümumi uzunluğunda qaz boru kəməri alıb.

Gürcüstan hökumətinin rəsmi saytındakı məlumata əsasən, qaz kəmərləri 6,2 milyon lari (cari məzənnə ilə 2,2 milyon dollara yaxın) birbaşa satış qaydası ilə Azərbagcan şirkətinə verilib.

Razılaşmanın şərtlərinə görə, ödəniş 2027-ci ildə başlanmalıdır və 10 il ərzində bərabər hissələr ilə (illik 615,437 min lari) mərhələli şəkildə həyata keçiriləcəkdir.

Xüsusilə, “SOCAR Georgia Gas” beş bələdiyyənin ərazisində qaz paylayıcı şəbəkənin sahibi olub.

Xəbər verildiyi kimi, 2019-cu ilin iyul ayında “SOCAR Georgia Gas” Gürcüstanın bir sıra regionlarında 24,2 milyon lariyə 708,5 metr ümumi uzunluğunda, bir il əvvəl isə 21,3 milyon lariyə 594 min metr uzunluğunda qaz boru kəməri alıb.

2008-ci il dekabrın 26-da SOCAR və Gürcüstan hökuməti şirkət tərəfindən ölkənin qaz infrastrukturuna sərmayə qoyuluşu şərtilə 23 regional qazpaylayıcı şirkət və bir sıra qaz təsərrüfatı və şəbəkəsinin onun idarəçiliyinə verilməsi haqqında müqavilə imzalayıb. 2012-ci ilin oktyabr ayında SOCAR “İTERA İnternational Energy LLC” şirkətinin 100%-lik törəmə strukturu olan “İtera Georgia” şirkətinin sahibi olub. Bununla, ARDNŞ Tbilisi istisna olmaqla Gürcüstanın regionlarında təbii qaz tədarükçüsü və bölüşdürücüsü olub.

Hazırda SOCAR Gürcüstana təbii qaz, neft və neft məhsullarının əsas tədarükçüsüdür. ARDNŞ-ın törəmə şirkətləri Kulevi portunda neft terminalının sahibidirlər. Bu port vasitəsilə Azərbaycan neft və neft məhsullarının dünya bazarlarına ötürülməsi həyata keçirilir. Həmçinin şirkətlər qazpaylayıcı sistemlərin genişləndirilməsi və modernləşdirilməsi, o cümlədən “SOCAR” brendi altında avtomobil yanacaq doldurma stansiyalarının şəbəkəsinin inkişaf etdirilməsi ilə məşğuldurlar.

©İnterfaks-Azərbaycan

Son xəbərlər
Digər xəbərlər