-1 C
Baku
Sunday, December 15, 2024

SOCAR-ın Türkiyədəki işləri əla gedir: xalis mənfəəti kəskin artıb

Bu ilin aprel-iyun ayları ərzində əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan “Petkim (Petrokimya) Holding”in xalis mənfəəti ilin I rübünə nisbətən 183% artaraq 356 mln. Türkiyə lirəsi (TRY) təşkil edib.

Banker.az xəbər verir ki, Report bu barədə şirkətin məlumatına istinad edir.

II rübdə “Petkim”in xalis satışları əvvəlki rübə nisbətən 25% artaraq 2,3 mlrd. lirə olub.

“Petkim”in II rübdə faiz, amortizasiya və vergidən öncəki mənfəəti 80% artaraq 439 mln. lirəyə çatıb. II rübdə “Petkim”in istehsal gücündən istifadə göstəricisi 96% olub.

“Petkim”in baş direktoru Anar Məmmədov bildirib ki, bu yüksək göstəricilər uğurlu əməliyyatlar, məhsuldar əməkdaşlıq və texnologiyaya investisiyalar sayəsində əldə olunub. Baş direktor qeyd edib ki, 2018-ci il “Petkim” üçün dönüş ilidir: “Bu ilə STAR Neft Emalı Zavodunda (NEZ) pay almaqla başladıq. STAR zavodunun bu ilin IV rübündə istehsala başlaması ilə xam maddə ehtiyacımız tam olaraq bu zavoddan təmin olunacaq”.

A.Məmmədov bildirib ki, “Petkim” hazırda Türkiyənin neft-kimya məhsullarına olan tələbatını 20% təmin edir.

Onun sözlərinə görə, rəqəmsallaşma ilə bağlı həyata keçirilən layihənin də ilk nəticələri bu ilin sonunda əldə olunacaq.

Xatırladaq ki, 2008-ci ildə tamamlanan özəlləşdirmə prosesinin sonunda “Petkim”in əsas səhmdarı SOCAR olub. Hazırda SOCAR “Petkim Holding”də 51% paya malikdir, “Petkim”in qalan səhmləri isə İstanbul Birjasında dövriyyədədir.

Son xəbərlər
Digər xəbərlər