Bu günə kimi SOCAR-ın Xarici Təqaüd Proqramı sayəsində yüzlərlə gənc xaricdə təhsil almaq imkanı əldə edib.
Müsahibimiz bu proqramın iki dəfə qalibi olmuş, həmin proqram çərçivəsində hazırda Fransada MBA təhsili alan, neft-qaz sahəsindəki əsas fəaliyyəti ilə yanaşı, Azərbaycanda və xaricdə bir sıra universtitetlərdə dərs deyən Kamal Dadaşovdur.
– Əvvəlcə təhsilinizdən başlamaq istərdim. Hansı universiteti bitirmisiniz?
– Bakalavr təhsilimi 2004-2008-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə və kredit ixtisası üzrə almışam. 2009-2011-ci illərdə isə Çexiyanın Ali Neft Məktəbində maliyyə menecmenti ixtisası üzrə distant xarici təhsil əldə etmişəm.
– Xaricdə təhsil fikri haradan yarandı və niyə məhz distant təhsil?
– Xaricdə təhsillə bağlı fikirlər orta məktəbi bitirdikdən sonra formalaşmağa başladı. Həmin dövrdə xaricdə təhsil almaq çox məhdud idi və böyük rəqabət vardı. Yəqin bir çoxları bilir ki, xüsusilə “Flex” və “Muskie” proqramları üzrə çox məhdud sayda şəxslər Amerikada təhsilini davam etdirirdi. Eyni zamanda ətrafımda olan dostların xaricə gedərək orada təhsil alması və 2007-ci ildə SOCAR-ın Xarici Təqaüd Proqramının təsis edilməsi mənim üçün əsas motivasiyaverici amillər oldu. Xaricdə təhsilimi distant formada almağım, ilk növbədə karyera imkanlarımı dəyərləndirərək işimi yarımçıq qoymamaq istəyi ilə əlaqədar idi.
– Karyeradan söz düşmüşkən, əmək fəaliyyətinə nə zaman başlamısınız?
– 2006-cı ildə hələ üçüncü kursda oxuduğum dövrdə yarım ştat olaraq yerli konsaltinq şirkətində çalışmağa başladım. Həmin şirkət yerli investorlarla yanaşı, xaricilərlə də işləyirdi. Məhz bu faktor gələcək karyera imkanlarım baxımından böyük təcrübə və uğurlu start oldu. Bakalavr təhsilimi bitirib elə həmin ilin sentyabr ayından Ukraynanın Kiyev şəhərində “BDO Balance Audit” Beynəlxalq Audit Şirkətində auditor-konsultant vəzifəsində fəaliyyətimi davam etdirdim. Bir il orada çalışdıqdan sonra Bakıya dönərək “Nikoilbank”da (indiki “YeloBank“) risklərin idarə olunması qrupunun rəhbəri vəzifəsinə təyinat aldım. 2010-2012-ci illərdə SOCAR-ın Xarici Təqaüd Proqramı çərçivəsində Fransada “Neoma Business School”da maliyyə ixtisası üzrə magistratura təhsilimi uğurla başa vurduqdan sonra SOCAR-ın Baş ofisində İqtisadi Göstəricilər və Maliyyələşdirmə Şöbəsinin rəisi vəzifəsinə təyinat aldım. 2014-cü ildən 2019-cü ilin sentyabr ayına yəni xaricdə təhsil almaqla əlaqədar növbəti dəfə Fransaya yollanana qədər şirkətin Əmək Şəraiti Normalarının İşlənməsi İdarəsinin rəis müavini vəzifəsində çalışdım.
– Növbəti dəfə xaricdə təhsil almaq zərurəti nədən qaynaqlanırdı və nəyə görə yenidən Fransanı seçdiniz?
– Mənə görə hər bir peşəkar şəxs fəaliyyət sahəsindən asılı olmayaraq davamlı şəkildə inkişafa meyilli omalıdır və daha öncə aldığı təhsillə kifayətlənməməlidir. Çünki dünya sürətlə inkişaf edir və dəyişir. Yeni ideya, innovasiya və texnologiyalar kəşf olunaraq tətbiq edilir. Bu yerdə bir məsələni xüsusilə vurğulamaq isətyirəm. Burada neft-qaz sahəsində əsasən hasilatla məşğul olan bir fransız şirkəti bütün maliyyə tranzaksiyalarını blokçeynə keçirmək istəyir. Hazırda təhsil aldığım universitet bu məsələdə həmin şirkətə texnoloji, maliyyə və digər sahələrdə konsultasiya xidmətləri göstərir. Həmin işçi qrupuna mən də daxil edildim və bu mənim üçün əvəzolunmaz təcrübədir. Yəni innovativ yenilikləri, müasir rəqəmsal texnologiyaları davamlı şəkildə qavramaq, qəbul etmək və özlüyündə tətbiq etmək çox vacibdir. Əks halda bazardakı rəqabətə davam gətirmək mümkün olmayacaq.
Gördüyümüz ondan ibarətdir ki, cavan nəsil inkişaf edir, onların düşünmə tərzi və yanaşmaları ümumilikdə dunyaya baxışları tam şəkildə dəyişmişdir. Digər tərəfdən, MBA proqramı biznes sahəsi üzrə ən vacib idarəetmə proqramıdır. Yəni verdiyim qərarın kökündə məhz bu faktorlar dururdu.
Növbəti dəfə Fransanı seçməyimlə bağlı bir məsələyə xüsusi diqqət ayırmaq istəyirəm. Fransa təhsilinin özəlliyi ondan ibarətdir ki, texniki elmlər üzrə çox güclüdür və rəqabətqabiliyyətlidir. Belə ki, dünyanın Amerika, İngiltərə və Fransadan olan top universitetləri bir-biri ilə rəqabət aparır. Burada bir müddət yaşadığım üçün və artıq buraya aludə olmağım da bu seçimdə vacib rol oynayıb. Bütün bunlarla yanaşı, universitetin yüksək reytinqli olması da təkan verən amillərdən olub.
– Təhsil aldığınız dövrdə Fransada hər hansı ictimai fəaliyyətin həyata keririlməsini nəzərdən keçirirsinizmi?
– Ondan başlayım ki, hazırda Avropanın top 20 universitetlerindən birində Fransada 3-cü biznes məktəbi olan (“İnsead”, “HEC Paris”dən sonra) “Emlyon Business School”da MBA dərəcəsi üzrə təhsil alıram. Artıq universitetin MBA klubunun idarə heyətinə də üzv seçilmişəm.
Bilirsiniz, təhsil aldığım Lion şəhərində Azərbaycan haqqında məlumatlar o qədər də geniş deyil. Bu mənada ölkəmizlə bağlı bir neçə layihələrin hazırlanması üzərində aktiv iş aparırıq. Bunlardan biri Azərbaycandakı biznes mühitin təbliği ilə əlaqədar forumun təşkil olunmasıdır. Həmin tədbir çərçivəsində ölkədəki iqtisadi şərait, biznes və investisiya mühiti haqqında əcnəbi biznes mütəxəssislərinə və tələbələ məlumat veriləcək. Forumun mədəni hissəsində isə qonaqlar milli-mənəvi dəyərlərimiz, adət-ənnənələrimiz, mətbəximiz, mədəniyyətimiz, milli müsiqimizlə tanış olacaqlar. Bu cür tədbirlərlə Azərbaycanda iş qura biləcək potensial investorlar üçün Azərbaycan haqda məlumatların alınmasına yardımçı olmağı hədəfləyirik.
– Müəyyən bir mərhələdə əldə etdiyiniz bütün bilik və bacarıqları paylaşmaq, gənclərə ötürmək zərurəti yarandımı?
– Doğru buyurdunuz, belə bir zərurət yarandı. Artıq 2012-ci ildən Dövlət İqtisad Universitetində (UNEC) ingilis dilli proqram əsasında beynəlxalq investisiya, korporativ maliyyə kimi bir sıra fənlərin tədrisini həyata keçirməyə başladım. Bundan əlavə, 2018-ci ildə İsveçrədə yerləşən “Geneve Business School”a dəvət aldım. Burada neft və qaz bazarlarında risklərin idarə olunması fənnini tədris edirəm. 2019-cu ildən Bakı Ali Neft Məktəbində də eynilə həmin fənləri tədris etdim. Növbəti ildən isə “Geneve Business School”un Qazaxıstanda yerləşən filialında yaz aylarında neft və qaz bazarlarında risklərin idarə olunması fənnini tədris edəcəm. Həmçinin indi oxuduğum “Emlyon Business School”da gələn ildən etibarən tədrislə məşğul olmağı planlaşdırıram. Bu yerdə bir məqama toxunmaq istəyirəm. Tədris etməyə sadəcə akademik həyatımın bir hissəsi kimi baxmaq lazımdır. Əsas fəaliyyətim isə SOCAR-la bağlı olacaq.
– Sonda bilmək istərdik, həyata baxışınızı xarakterizə edən bir formul varmı?
– Buna formul deməzdim, ancaq var. Həyata baxışım Hindistan Azadlıq Hərəkatının siyasi və ruhani lideri olmuş Mahatma Qandinin “Əvvəl səni görmürlər, sonra sənə gülürlər, sonra səninlə mübarizə aparırlar və sən qalib gəlirsən” deyimi ilə xarakterizə oluna bilər. Bunları müxtəlif dövrlərdə öz üzərimdə hiss etmişəm. İnsan gərək inandığı, sevdiyi və ən əsası qarşısına qoyduğu məqsədlərin dalınca getsin və heç vaxt yıxılmaqdan qorxmasın. Bilirsiniz, MBA proqramınadaxil olanda bizə ünvanlanan suallardan biri məhz həyatda neçə dəfə uğursuzluğa düçar olmusunuz sualı idi. Bu sualı gərək qətiyyətlə cavablandırmağı bacarasan.
– Mahatma Qandi 4 mərhələdən bəhs edir. Bu gün özünüzü hansı mərhələdə görürsünüz?
– Hazırkı məqamda özümü 3-cü mərhələdə hiss edirəm.
©Report