Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və İsveçrənin “Foster Wheeler” şirkətinin birgə biznesi sayılan “SOCAR-Foster Viler Mühəndisxidmətləri” MMC (SOCAR-Foster Wheeler Engineering) adını dəyişdirib.
Banker.az xəbər verir ki, şirkət adındakı “Foster Wheeler” çıxarıb və bundan sonra “SOCAR Services Engineering” MMC kimi fəaliyyət göstərəcək.
Bu kimi hallarda şirkət adından tərəfdaşın çıxarılması adətən hüquqi və ya korporativ mülkiyyət dəyişikliyinin nəticəsində baş verir. Şirkətin nizamnamə kapitalının isə dəyişməz saxlanılması qalan payın Dövlət Neft Şirkətinin balansına keçməsi ilə əlaqəli ola bilər. Ötən həftə Banker.az tərəfindən SOCAR-ın mətbuat orqanına bənzər işlə bağlı suallar göndərilsə də, məktub cavabsız qalıb.
Adıçəkilən birgə müəssisə Azərbaycanda və xaricdə hazırlanmış neft və qaz, ətraf-mühit və neft-kimya layihələri ilə əlaqəli mühəndislik, satınalma və inşaata nəzarət, həmçinin layihələrin idarə edilməsi üzrə xidmətlər göstərir.
Rəsmi internet səhifəsində qeyd edilir ki, “SOCAR-Foster Viler Mühəndisxidmətləri” hazırda 150 nəfər yüksək ixtisaslı işçisi olan şirkətdir.
Xatırladaq ki, birgə şirkət 2012-ci ildə SOCAR və İsveçrənin “Foster Wheeler” şirkəti ilə birgə təsis edilmişdi və hazırda 200 min avro nizamnamə kapitalına malikdir.