5 C
Baku
Saturday, December 14, 2024

Socar Mərkəzi Bankdan 1 milyard borc istəyir

Azərbaycan Dövlət Neft Şirkəti Bakıda yeni neftkimya və neftayırma kompleksinin inşası layihəsi üçün dövlətdən borc istəyir.

Bu barədə şirkətin iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bu gün keçirilən mətbuat konfransında bildirib. “Biz dövlət təminatı altında Mərkəzi Bankdan kredit cəlb etmək istəyirik. SOCAR rəhbərliyi artıq Mərkəzi Bankın rəhbərliyinə rəsmi müraciət edib, hazırda Mərkəzi Bankın ekspertləri bizim layihəni araşdırır” – deyə S.Qasımov bildirib.

Bakı ətrafında yeni neft-kimya və neftayırma kompleksinin inşası layihəsinin birinci mərhələsi üçün SOCAR-a azı 2,1 milyard dollar lazımdır. Bu, layihənin birinci mərhələsinin xərclərinin cəmi 30 faizini təşkil edir, şirkət vəsaitin qalan hissəsini xarici banklardan cəlb etməyi planlaşdırır.

“2018-ci ilə qədər bizə 1 milyard dollar lazımdır” – deyə S.Qasımov bildirib.
Layihə iki mərhələdə həyata keçiriləcək. Birinci mərhələdə tikinti işlərinə gələn il başlamaq və 2020-ci ildə tamamlamaq nəzərdə tutulur. Layihənin birinci mərhələsinin dəyəri 7 milyard dollar hesablanıb. Bu mərhələdə qaz emalı və neft-kimya zavodunun inşası planlaşdırılır. İkinci mərhələdə isə neftayırma zavodu tikiləcək.

Mərkəzi Bank 2009-cu ildə qlobal maliyyə böhranının tüğyan etdiyi vaxtlarda SOCAR-a müxtəlif layihələrin həyata keçirilməsi üçün 7 illiyə 750 milyon manat kredit ayırmışdı. Həmin kreditin 450 milyon manatı şirkətin xarici borc öhdəliklərinin yerinə yetirilməsinə yönəldilib. Hazırda dünya bazarlarında neft kəskin ucuzlaşdığı üçün iri neft şirkətləri banklardan kredit cəlb etməkdə çətinlik çəkirlər. İnvestorlar isə pullarını enerji sektoruna yönəltməyi riskli hesab etməyə başlayıb.

SOCAR Türkiyədəki layihələrini maliyyələşdirmək üçün yerli banklardan yüksək faizli kreditlər də daxil olmaqla bir çox maliyyə qurumlarından vəsait cəlb edib. Bu günlərdə isə “Qazprombank”dan 400 milyon dollar kredit alıb.

Virtualaz.org

Son xəbərlər
Digər xəbərlər