SOCAR “Palmali” Qrupunun qaldırdığı iddialarla bağlı arbitraj prosesində qalib gəlib

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2017-ci ilin əvvəlində “Palmali” tərəfindən SOCAR-a satılmış on gəmi ilə bağlı “Palmali” Qrupuna daxil olan şirkətlərin qaldırdığı arbitraj iddiaları üzrə qalib gəlib.

Banker.az bu barədə Türkiyənin “Ekonomim” nəşrinə istinadən xəbər verir.

Azərbaycan və Türkiyə vətəndaşı olan Mübariz Mənsimov tərəfindən idarə olunan “Palmali” Qrupu 2023-cü ilin iyun ayında iddialar irəli sürərək arbitraj prosesinə başlayıb. Proses 2025-ci ilin noyabr ayında Böyük Britaniyanın London şəhərində keçirilən üç həftəlik dinləmə ilə yekunlaşıb.

Dinləmələr zamanı Mübariz Mənsimov və “Palmali” tərəfinin digər şahidləri şəxsən ifadə veriblər. “Palmali” tərəfi bir neçə İngiltərə və ABŞ hüquq firması, eləcə də ingilis vəkillər komandası tərəfindən təmsil olunub.

2026-cı ilin fevral ayında üç üzvdən ibarət arbitr tribunalı tərəfindən çıxarılan qərarda arbitraj tribunalı “Palmali”nin iddialarının nə hüquqi, nə də faktiki əsasının olmadığını müəyyənləşdirib və iddiaları bir neçə əsas üzrə tam şəkildə rədd edib. London Dəniz Arbitrləri Assosiasiyasının arbitraj qaydalarına və tərəflərin mübahisəyə tətbiq olunmasını razılaşdırdıqları İngiltərə hüququna uyğun olaraq, qərar yekun və məcburidir, ondan apelyasiya şikayəti verilə bilməz.

Son xəbərlər
Digər xəbərlər