“AK&M” reytinq agentliyi Azərbaycanın “SOCARPolymer” şirkətinin kredit ödəmə qabiliyyətliliyi reytinqini milli şkalada “stabil” proqnozla “A+” səviyyəsində müəyyən edib.Agentliyin saytında olan xəbərə görə, bu reytinq borclunun olduqca yüksək səviyyəli kredit ödəyicisi sinfinə aid olduğunu göstərir və şirkətin öhdəliklərini vaxtında yerinə yetirməməsi riski olduqca azdır.
“SOCAR Polymer” konkret texnoloji layihənin reallaşdırılması üzrə təşkil olunmuş tipik layihə maliyyələşdirilməsi şirkətidir. Bu şirkətə Sumqayıt şəhərinin sənaye zonasında polipropilen və yüksək sıxlıqlı polietilen zavodlarının inşası, eləcə də onların sonrakı istismarı tapşırılıb. Layihə üzrə əsaslı xərclər 770 mln. ABŞ dolları məbləğində müəyyən edilib. Layihənin reallaşdırılması üçün 489 mln. dollar kredit cəlb edilib. Etilen, propilen və hidrogen istehsalı üçün əsas xammal təchizatçısı kimi Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) çıxış edəcək.
Hazırda layihənin reallaşdırılması istehsal obyektlərinin inşası mərhələsindədir. Layihəyə əsasən, inşaat işləri 2018-ci ildə başa çatdırılacaq və artıq həmin ilin I yarısında “SOCAR Polymer”in ilk məhsulu hazır olacaq.
Şirkətin kredit ödəmə qabiliyyətinin yüksək qiymətləndirilməsi layihənin yüksək gəlirliliyə və maliyyə sabitliyinə malik olması, “SOCAR Polymer”in əsas maliyyə axınlarının balanslaşdırılması ilə bağlıdır. Bundan başqa, Şirkətə müvəqqəti vergi güzəştlərinin tətbiqi, həmçinin SOCAR-ın onun nizamnamə kapitalında və ümumilikdə layihədə iştirak etməsi “SOCAR Polymer”ə “A+” reytinqinin verilməsinə səbəb olub.
Report