2022-ci ilin ikinci rübündə SOCAR qazma üzrə əhəmiyyətli artıma nail olub.
Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə 20 min metrə yaxın qazma işləri həyata keçirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 41,5% çoxdur. Hesabat dövründə şirkət tərəfindən 1,9 milyon tondan çox neft, 2 milyard kubmetrə yaxın qaz hasil olunub. Ölkə üzrə ümumilikdə 8,1 milyon tondan çox neft və 11,6 milyard kubmetrdən çox qaz hasil edilib. Dövr ərzində ölkə üzrə qaz hasilatı 16,7 % artıb.
Hesabat dövründə SOCAR tərəfindən dünya bazarına 4,9 milyon tondan çox xam neft, Gürcüstan bazarına isə 144 milyon kubmetrə yaxın təbii qaz ixrac olunub. Ümumilikdə isə ölkə üzrə qaz ixracı 36% artımla təqribən 5,5 milyard kubmetrə yüksəlib. SOCAR-ın dünya bazarına ixrac etdiyi neftin həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 17,6%, Gürcüstana ixrac etdiyi qaz həcmləri isə 48,1% artıb. Qeyd edək ki, SOCAR öz imkanları ilə hasil etdiyi neftdən əlavə beynəlxalq konsorsiumlar çərçivəsində SOCAR və Azərbaycanın payına düşən neft həcmlərini də ixrac edir.
Şirkətin Azərbaycandakı emal kompleksində 1,2 milyon tona yaxın neft, 869 milyon kubmetrə yaxın təbii qaz emal olunub. Qaz emalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,1% artıb.
Rüb ərzində SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunmuş 403 min tondan çox neft, neft-kimya və qaz-kimya məhsulu xarici ölkələrə ixrac edilib.
Hesabat dövründə ölkə ərazisində təbii qaz istehlakı ötən ilin analoji dövrü ilə müqayisədə 3% artaraq 2,2 milyard kubmetr təşkil edib. “Karbamid” və “Metanol” zavodlarının istehsal həcmlərinin artımı, həmçinin ölkədə qazlaşdırma səviyyəsinin yüksəlməsi qaz istehlakının artımını şərtləndirib.