Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) birgə yaratdığı müəssisələrdəki payını geri çəkib, təsisçilikdən çıxıb.
Dövlət şirkəti 2008-ci ildə birgə müəssisə kimi təsis edilən “SOCAR Construction” MMC-dəki payını tam olaraq geri çəkib. Bu barədə Banker.az-ın sorğusuna cavab olaraq SOCAR-dan məlumat verilir.
Bu ilin əvvəlində “SOCAR Construction” Məhdud Məsuliyyətli Cəmiyyəti nizamnamə kapitalının 8 milyon 972 min manat məbləğdən 2 milyon 198 min manat məbləğə azaldığını elan etmişdi. Ötən ilin Dekabr ayında birgə müəssisəsinin nizamnamə kapitalını 11 milyon 629 min manat azaltmış, nəticədə şirkətin nizamnamə kapitalı 20 milyon 601 min manat məbləğdən 8 milyon 972 min manata düşmüşdür.
Birgə müəssisə, Dövlət Neft Şirkətinin payını geri çəkdikdən sonra adını “SOCAR Construction” MMC-dən “Shelf İnşaat Services” MMC-yə dəyişdirib. Bundan sonra “Shelf Inshaat Services” kimi fəaliyyət göstərəcəkdir.
Həmçinin birgə müəssisənin nizamnamə kapitalı isə yenidən azaldılaraq 34 403 manata qədər azaldılmışdır.
“SOCAR Construction” şirkəti Belarus Respublikasının ikinci ən iri neft emal zavodu “Mozır NEZ” zavodunun tikintisində iştirak edib. Verilən məlumata görə, yaxın zamanda “SOCAR Construction” şirkətinin komandası İrkutsk neft şirkəti tərəfindən Markovo yatağının istismarına hazırlıq layihəsinə cəlb olunacağı gözlənilirdi.