-1 C
Baku
Sunday, December 15, 2024

SOCAR Tacikistanın neft emalı zavodunun işə salınmasına dəstək göstərəcək

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Xatlon vilayətində “Danqara” azad iqtisadi zonasının (AİZ) ərazisində inşa olunmuş “TK-Oil” neft emalı zavodunun işə salınmasına və xammalla təmin olunmasına dəstək göstərəcək.

Bu barədə Tacikistanın iqtisadi inkişaf və ticarət naziri Zavki Zavkizoda Düşənbədə çıxışı zamanı deyib.

Nazir bildirib ki, Tacikistan Prezidentinin tapşırığı ilə bu məsələ həm Azərbaycanın müvafiq nazirlik və idarələrinin rəhbərlikləri ilə, həm də SOCAR rəhbərliyi ilə müzakirə olunub.

“Aparılan danışıqlar nəticəsində tərəflər qərara gəlib ki, SOCAR-ın zəngin təcrübəsi və geniş potensialı “TK-Oil” neft emalı zavodunun həm işə salınmasında, həm də onun gələcək xammal təminatına dəstək göstərəcək. Hazırda Azərbaycan şirkəti Tacikistan-Çin neft emalı zavodu, “TK-Oil”in təqdim etdiyi sənədləri araşdırır. Ümid edirik ki, zavod bu yaxınlarda işə düşəcək”, – deyə Z.Zavkizoda əlavə edib.

Xatırladaq ki, “Danqara” AİZ ərazisində tikilmiş “TK-Oil” neft emalı zavodu 2018-ci ildən məqbul şəraitdə xammal çatışmazlığı səbəbindən fəaliyyətini dayandırıb.

Məlumatlara əsasən, davamlı olaraq bu zavod üçün Qazaxıstan, Türkmənistan və İrandan neft idxal edilməsi planlaşdırılır. Layihə gücü ildə 1.2 milyon ton neft olan zavodun tikintisinə 2014-cü ildə başlanılıb. Müəssisə Çinin “Dong Ying heli Investment and Development” şirkəti tərəfindən yaradılmış “TK-oil” Tacikistan-Çin birgə müəssisəsi tərəfindən tikilib.

Statistikaya əsasən, 2023-cü ildə Tacikistanda neft hasilatı cəmi 18 min ton təşkil edib. Bu, “Danqara” neft emalı zavodunun ümumi ehtiyaclarının cəmi 1.5 faizini ödəyə bilər.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər