“SOCAR Ukraine” Ticarət Evi MMC-nin Ukrayna Enerji Birjasının (UEB) daimi üzvü kimi mütəmadi olaraq elektron hərraclarda iştirak etməkdə məqsədi kommersiya ehtiyaclarını ödəmək üçün hər hansı ehtiyatı satın almaqdır.
“SOCAR Ukraine”dən verilən məlumata görə, şirkət avqustun 13-də UEB-da keçirilən elektron təbii qaz hərracında ilk dəfə iştirak edib. Hərracda 50 min kubmetrlik lotlar satışa çıxarılıb.
“Fəaliyyəti dövründə “SOCAR Ukraine” Ticarət Evinin Ukrayna qanunlarını heç vaxt pozmadığını, sözügedən hərrac zamanı da UEB qaydalarına ciddi əməl etdiyini vurğulamaq istəyirik. Qaydalara görə, hərracı qazanmaq üçün satınalma qiymətini minimum dərəcədə qaldırmaq olar. İlkin olaraq saat 16:00-da başa çatdırılacaq hərrac müəmmalı səbəblərdən üç dəfə yarım saatlıq uzadılıb”,- şirkətdən bildirilib.
Həmçinin elektron hərraclardan müvəqqəti uzaqlaşdırıldıqları və cərimə tətbiqinin əsassız olduğu qeyd edilib: “Biz “Mərkəzi qaz təchizatı şirkəti” MMC ilə hər hansı kommersiya və ya işgüzar əlaqədə olmadığımızı tam məsuliyyətlə bildiririk”.
“SOCAR Ukraine” Ticarət Evi UEB ilə aralarındakı bu mübahisəli məsələnin müvafiq şəkildə müsbət həllinə nail olmaq niyyətindədir.