SOCAR və BOTAŞ qaz sazişlərini uzadır – Yeni qərar

Türkiyənin boru kəmərləri operatoru BOTAŞ və SOCAR təbii qaz ticarətinə dair bəzi mövcud sazişlərin müddətinin uzadılması istiqamətində iş aparır.

Banker.az əbər verir ki, bunu BOTAŞ-ın baş direktoru Abdulvahit Fidan Azərbaycan-Türkiyə 5-ci Enerji Forumunda çıxışı zamanı bildirib.

O qeyd edib ki, Türkiyə və Azərbaycan arasında strateji tərəfdaşlığın mühüm istiqamətlərindən biri enerji əməkdaşlığıdır. Onun sözlərinə görə, BOTAŞ-ın SOCAR-la həyata keçirdiyi layihələr və imzaladığı sazişlər yalnız iki ölkənin enerji əməkdaşlığına deyil, həmçinin qonşu ölkələrin və Avropanın enerji təchizatı təhlükəsizliyinə töhfə verir.

Abdulvahit Fidan Bakı-Tbilisi-Ceyhan, “Şahdəniz-1”, “Şahdəniz-2” və TANAP layihələrini iki ölkə arasında enerji əməkdaşlığının əsas nümunələri kimi göstərib.

O bildirib ki, son illərdə təbii qaz sahəsində əməkdaşlıq da sürətlənib. Belə ki, Naxçıvanın enerji təchizatı təhlükəsizliyinin təmin edilməsi məqsədilə həyata keçirilən və 2025-ci ilin martında istismara verilən qaz kəməri, eləcə də BOTAŞ və SOCAR əməkdaşlığı ilə 2025-ci ilin avqustundan Suriyaya təbii qaz tədarükünün başlanması bu əməkdaşlığın yeni istiqamətləri olub.

Bundan əlavə, Abdulvahit Fidan onu da qeyd edib ki, “Abşeron” yatağından hasil olunacaq təbii qazın uzunmüddətli alışı ilə bağlı müqavilə bir neçə ay əvvəl imzalanıb.

“Əməkdaşlığımız çoxşaxəli və dinamik olduğu üçün gündəliyimiz də genişdir. BOTAŞ və SOCAR arasında təbii qaz ticarətinə dair bəzi mövcud sazişlərin müddətinin uzadılması istiqamətində də işlərimizi davam etdiririk”, – Abdulvahit Fidan vurğulayıb.

O əlavə edib ki, qarşıdakı dövrdə başda təbii qaz olmaqla, enerji sahəsində Türkiyə-Azərbaycan tərəfdaşlığının daha da inkişaf etdirilməsi hədəflənir.

MənbəAPA
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər