Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Türkiyənin “TEKFEN” şirkətinin birgə müəssisəsi olan “AZFEN” 2022-ci ildə xalis mənfəət əldə edib, lakin bu 2021-ci ildən azdır.
Banker.az xəbər verir ki, bu barədə birgə şirkətin illik audit hesabatında bildirilir.
Hesabat müddətində, şirkətin gəlirləri illik müqayisədə 20% azalaraq 569.76 mln. manata düşüb. Şirkətin satışlarının maya dəyəri isə 18% azalmaqla 455.76 mln. manata düşüb. Bu da şirkətin ümumi mənfəətinin 2021-ci ildə 157.03 mln. manat olduğu halda, 2022-ci ildə 114 mln. manata düşüb.
“AZFEN” birgə müəssisəsinin bütün gəlir və xərcləri fərqindən sonra 104.76 mln. manat mənfəəti yaranıb, bundan 23.37 mln. manat mənfəət vergisi ödəyib və yerdə 81.39 mln. manat üzərində xalis mənfəəti qalıb. 2021-ci ili şirkətin mənfəəti 112.24 mln. manat idi.
Bu xalis mənfəətdən sonra, şirkətin 1 yanvar 2023-cü il tarixinə 239.79 mln. manat bölüşdürülməmiş mənfəəti olub. Ötən ilin əvvəli bu rəqəm 158.39 mln. manat idi.
SOCAR və TEKFEN-nin bu biznesi 2021-ci il ərzində səhmdarlarına 20 mln. manat dividend elan edib.
1996-cı ilin yanvarında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (60% sahiblik hüququ ilə) və “TEKFEN İnşaat və Təsisat A.Ş.” (40% sahiblik hüququ ilə) tərəfindən təsis edilib.
Yaradılmasında məqsəd neft şirkətləri üçün yüksək səviyyəli tikinti və mühəndislik işlərini həyata keçirməkdən ibarətdir. Şirkət irihəcmli neft layihələri üçün boru kəmərlərinin, platformaların və terminalların tikintisini həyata keçirir.
“AZFEN” birgə müəssisəsinin ötən il işçilərinin sayı 5 450 nəfər olub ki, bu da illik müqayisədə 1 057 nəfər və ya 16.2% azalması deməkdir. 2021-ci ildə isə müəssisədə 6 507 nəfər çalışıb.