5 C
Baku
Saturday, December 14, 2024

SOCAR və “Uzbekneftegaz” rəqəmsal texnologiyalar sahəsində əməkdaşlıq edəcək

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Özbəkistanın “Uzbekneftegaz” şirkəti rəqəmsal texnologiyalar sahəsində əməkdaşlıq etməsi nəzərdə tutur.

Bu barədə SOCAR-ın birinci vitse-prezidenti, prezident vəzifəsini müvəqqəti icra edən Rövşən Nəcəfin rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistanda səfərində məlumum olub.

Məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin ötən ay Özbəkistana dövlət səfərindən sonra ölkə başçısı tərəfindən verilən tapşırıqların icrasını təmin etmək məqsədilə R. Nəcəfin rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistanda səfərdə olub. Səfər çərçivəsində nümayəndə heyəti əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Daşkənddə ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb.

SOCAR nümayəndə heyəti “Uzbekneftegaz” ASC-nin tərkibində fəaliyyət göstərən Modelləşdirmə Mərkəzini, həmçinin İstehsal və dispetçer idarəetməsi Mərkəzini ziyarət edib. Burada nümayəndə heyətinə mərkəzlərin fəaliyyət istiqamətləri və tətbiq olunan yeniliklər haqqında məlumat verilib.

SOCAR-ın birinci vitse-prezidenti, prezident vəzifəsini müvəqqəti icra edən R. Nəcəf ilə “Uzbekneftegaz” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Mehriddin Abdullayev arasında keçirilən görüşdə iki şirkət arasında əməkdaşlığın perspektivləri, təcrübə mübadilələrinin həyata keçirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Görüşdə SOCAR ilə “Uzbekneftegaz” Səhmdar Cəmiyyətinin arasında əməkdaşlığın genişləndirilməsinə dair “Yol xəritə”si imzalanıb. Sənəd neft-qaz sahəsində birgə layihələrin reallaşdılması və treydinq, neft emalı, neft-kimya sahəsində əməkdaşlıq, təcrübə mübadilələrinin aparılması və bu kimi digər önəmli istiqamətləri əhatə edir. Eyni zamanda, sənəd “Uzbekneftegaz”ın əməkdaşlarının SOCAR-ın müəssisələrində təcrübə keçmələrini, şirkətlərin mütəxəssisləri arasında mütəmadi görüşlərin təşkilini, birgə işçi alt qruplarının yaradılmasını, rəqəmsal texnologiyalar sahəsində əməkdaşlığı nəzərdə tutur.

Səfər çərçivəsində R. Nəcəf Özbəkistanın energetika nazirinin birinci müavini, energetika naziri vəzifəsini müvəqqəti icra edən Azim Axmedxadjayev ilə görüşüb.

Görüşdə SOCAR ilə “Uzbekneftegaz” arasında imzalanan əməkdaşlığın genişləndirilməsinə dair “Yol xəritə”sinin əhəmiyyəti vurğulanıb. Eyni zamanda ölkələrimiz arasında enerji sahəsində əlaqələrin möhkəmləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb.

SOCAR nümayəndə heyətinin Daşkənddə, həmçinin Özbəkistanın Dövlət Geologiya Komitəsinin rəhbərliyi ilə də görüşü olub. Görüş zamanı geologiya sahəsində əməkdaşlıq və Özbəkistanda həyata keçirilən layihələrdə SOCAR-ın iştirak imkanlarının araşdırılması məsələləri nəzərdən keçirilib.

 

 

Son xəbərlər
Digər xəbərlər