Xəzər dənizinə və ya onun sahillərinə birbaşa axıdılan çirkab suların idarə olunmasında iqlim dəyişikliyi səbəbindən problemlər yaranır.
Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ətraf mühitin idarə olunmasının planlaşdırması şöbəsinin rəisi Mədinə Hacıyeva Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı – “Baku Water Week” (Bakı Su Həftəsi) çərçivəsində baş tutan “Tullantı sularının dayanıqlı idarəolunması – COP29 məqsədləri yolunda” adlı panel müzakirələrində deyib.
Onun sözlərinə görə, Xəzərin səviyyəsinin enməsi səbəbindən çirkab suların dənizə ötürülməsi zamanı qarışma səviyyəsinə çatmaq mümkün olmur:
“Bunun nəticəsində təmizlənmiş suların keyfiyyət göstəriciləri və axıdılma standartları təmin olunmur”.
M. Hacıyeva bildirib ki, son üç ildə yağıntıların miqdarı artıb:
“Xüsusilə Abşeron yarımadasında yağan intensiv yağışlar kanalizasiya sistemlərinə qarışaraq çirkab sutəmizləyici qurğulara yönəlir. Yağış sularının idarə olunması sistemi zəif olduğundan onlar çirkab sularla qarışaraq təmizlənməni çətinləşdirir. Bəzi hallarda isə sular ümumiyyətlə təmizlənmədən Xəzərə axıdılır”.
SOCAR-ın şöbə rəisi vurğulayıb ki, bu vəziyyət təmizləmə qurğularının səmərəliliyini azaldır və istixana qazlarının emissiyasını artırır. Problemin həlli üçün həm azaldıcı, həm də adaptasiyaedici tədbirlərə ehtiyac var:
“Metan idarəçiliyində aerob həzm prosesindən anaerob prosesinə keçid edilməli, metan tutulmalı və bioqaz istehsal olunmalıdır. Enerji səmərəliliyini artırmaq üçün sutəmizləyici qurğular yenilənməli və bərpa edilməlidir. Qatı çöküntülərin dəyərləndirilməsi isə Avropa təcrübəsinə uyğun şəkildə həyata keçirilməli, onların kənd təsərrüfatında istifadəsi təmin olunmalıdır”.
Onun sözlərinə görə, adaptasiya tədbirləri çərçivəsində isə infrastrukturun davamlılığının artırılması vacibdir.
M. Hacıyeva bildirib ki, xüsusilə Abşeron yarımadasında dəniz səviyyəsinin enməsinə görə sutəmizləyici qurğuların xəttləri daha dərin səviyyəyə gətirilməlidir:
“Modul tipli çevik qurğularla müxtəlif həcmdə suların təmizlənməsi mümkün olar. Eyni zamanda, bu sular təkrar emal olunaraq ikinci dərəcəli içməli su mənbəyi kimi istifadə edilə bilər”.
Onun fikrincə, Bakı və ətraf şəhərlərdə monitorinq və erkən xəbərdarlıq sistemlərinin qurulması, fövqəladə hallara hazır olmaq üçün iqlimə uyğunlaşdırılmış dizayn standartlarının tətbiqi zəruridir.
“Əslində, Azərbaycanda çirkab suların idarə olunması və daşqınların yaratdığı fəsadlarla bağlı vəziyyəti fövqəladə hal kimi qəbul etməliyik”, – deyə M.Hacıyeva əlavə edib.