Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstanda karbamid zavodunun tikintisi layihəsinin həyata keçirilməsinin dayandırılması neft bazarındakı proseslərlə bağlıdır.
Bunu SOCAR-ın emal üzrə vitse-prezidenti David Məmmədov deyib.
D.Məmmədov bildirib ki, bu layihənin reallaşdırılması özünü maliyyələşdirmə hesabına baş verməlidir: “Onun maliyyələşdirilməsi qismən sahibkarlar, qismən də bank kreditləri hesabına həyata keçirilməlidir. Dünya bazarında neftin qiymətinin kəskin düşməsi SOCAR-ın ölkə daxilində bəzi layihələrinin həyata keçirilməsini yubandırır. Bununla yanaşı, Gürcüstan bazarında vəziyyət bizimkindən tam fəqlənir, orada bazar olduqca mürəkkəbdir”.
Onun sözlərinə görə, dünyada karbamid məhsullarının qiyməti də kəskin ucuzlaşıb ki, bu da Gürcüstan üçün layihəni maliyyələşdirməyi çətinləşdirdi: “Ölkə hökuməti layihənin reallaşdırılmasında maraqlıdır, çünki həmin layihə yeni iş yerlərinin açılmasını, yeni məhsulun istehsalını, büdcəyə gəlirlərin daxil olmasını nəzərdə tutur. Bununla belə, SOCAR yalnız öz hesabına layihəni maliyyələşdirməyi planlaşdırmır. Biz müəyyən hissəni artıq maliyyələşdirdik, lakin Gürcüstan tərəfindən maliyyələşdirmə bir qədər çətinləşdi ki, bu da layihənin reallaşdırılmasını dayandırdı”.
anspress