İmzalanma mərasimində Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simsonun videomüraciəti dinlənilib.
Daha sonra mərasimdə Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Bolqarıstanın energetika naziri Rosen Hristov, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto, Rumıniyanın energetika naziri Virgil-Daniel Popesku, Slovakiyanın iqtisadiyyat naziri Karel Hirman çıxış ediblər.
Ardınca isə Azərbaycan Prezidenti İlham Əliyev və Bolqarıstan Prezidenti Rumen Radev çıxış etdilər.
Anlaşma Memorandumu Azərbaycandan Avropaya əlavə qazın tədarükü üçün 4 ötürücü sistem operatoru ilə SOCAR arasında əməkdaşlığın istiqamətlərini müəyyən edir. Əlavə qaz tədarükü “Həmrəylik halqası” adlandırılan Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistemləri vasitəsilə həyata keçiriləcək.
***
Bolqarıstanın “Bulgartransgas”, Rumıniyanın “Transgas”, Macarıstanın FGSZ, Slovakiyanın “Eustream” və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın inkişafına dair Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib.
İmzalanma Azərbaycan Prezidenti İlham Əliyev və Bolqarıstan Prezidenti Rumen Radevin iştirakı ilə baş tutub.
Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Bolqarıstanın energetika naziri Rosen Xristov, Rumıniyanın energetika naziri Vircil Daniyel Popesku, habelə Macarıstan xarici işlər və ticarət naziri Peter Siyarto və Slovakiyanın iqtisadiyyat naziri Karel Hirman imzalayıblar.
Memorandum modernləşdirilmiş “Həmrəylik halqası” vasitəsilə Azərbaycandan Avropaya əlavə qaz həcmlərinin tədarükü üzrə əməkdaşlıq sahələrini müəyyən edir.
Bolqarıstanın təklif etdiyi və Avropa Komissiyası tərəfindən dəstəklənən “Həmrəylik halqası” təşəbbüsü Avropa İttifaqına (Aİ), Mərkəzi və Cənub-Şərqi Avropaya təbii qaz tədarükünün təhlükəsizliyini yaxşılaşdırmaq məqsədi daşıyır.