33 C
Baku
Tuesday, August 19, 2025

SoftBank Intel-ə 2 mlrd dollar yatıracaq

Masayosi Sonun rəhbərlik etdiyi SoftBank, Intel-ə 2 mlrd dollar yatıracaq və hər biri 23 dollar qiymətlə təxminən 2% səhm alacaq. Səhmlər əlavə emissiya ilə buraxılacaq, əməliyyat isə kiçik diskontla gerçəkləşəcək. İnvestorlar bunu etimad siqnalı kimi qəbul etdilər: birjada ticarət bağlandıqdan sonra Intel-in səhmləri 4,5% bahalaşıb.

Banker.az-ın məlumatına görə, SoftBank üçün Intel-ə investisiya AI sənayesində mərkəzi mövqe tutmaq cəhdlərinin daha biridir. Onun Stargate adlı data-mərkəzlər tikintisi üzrə layihəsi ləngiyir, Izanagi layihəsi çərçivəsində enerji səmərəli çip isə hələ bazara çıxmayıb. Bununla yanaşı, Intel səhmlərinə yatırım SoftBank-ın ABŞ-dakı varlığını genişləndirəcək ki, bu da Tokionun ABŞ iqtisadiyyatına investisiyalar əvəzində tariflərin azaldılmasına nail olmaq niyyəti ilə üst-üstə düşür.

Intel isə öz növbəsində sahənin liderləri sırasına qayıda biləcəyini sübut etməyə çalışır. Şirkət çip istehsalında TSMC-yə, dizaynda isə Nvidia-ya mövqelərini uduzub, ikinci rübdə zərər 2,9 mlrd dolları keçib. İndi Intel yeni AI prosessorlarına arxalanır və uzunmüddətli müqavilələr imzalamağa hazır iri müştərilərə ümid edir.

Bununla paralel olaraq, Tramp administrasiyası ilə səhm paketinin 10%-nin dövlət tərəfindən alınması (dövlətləşdirilməsi) ehtimalı barədə danışıqlar gedir. Variantlar arasında Chips and Science Act üzrə vəd edilmiş 8 mlrd dollarlıq vəsaitin bir hissəsinin kapital payına çevrilməsi də var. ABŞ, qlobal yarımkeçirici bazarında payını artırmaq məqsədilə Intel-i TSMC-yə əsas rəqib kimi görür.

Son xəbərlər
Digər xəbərlər