Yaponiyanın “SoftBank Group” şirkətinin səhmləri Tokio birjasında ticarət zamanı 10,05% ucuzlaşıb, ticarətin sonunda isə azalma 3,5%-ə qədər zəifləyib.
“Bloomberg”in məlumatına görə, səhmlərin enməsi “SoftBank”ın “Nvidia”dakı payını 5,8 milyard dollara satmasından sonra baş verib. Şirkət əldə etdiyi gəliri süni intellekt sahəsindəki yeni investisiyalarına yönəldəcək. Bu xəbər fonunda “SoftBank” səhmləri ucuzlaşsa da, şirkətin maliyyə nəticələri analitik proqnozlarını üstələyib – sentyabrın 30-da başa çatan ikinci maliyyə rübündə xalis mənfəət 2,5 trilyon yen (16,2 milyard dollar) təşkil edib.
“Bloomberg” qeyd edir ki, “SoftBank” hələ də süni intellekt ətrafındakı “ajiotaj”ın əsas benefisiarlarından biridir. İnvestorların bu sahəyə marağı aparıcı şirkətlərin dəyərlərini rekord səviyyələrə qaldırıb, lakin bu, bazarda “balon” riski yaradır. Yapon şirkətinin “Nvidia”dan çıxması, texnoloji nəhənglərin süni intellekt investisiyalarının özünü doğruldub-doğrultmayacağı barədə müzakirələrlə eyni vaxta təsadüf edib. Qeyd olunur ki, gələcək illərdə bu şirkətlərin İT xərcləri 1 trilyon dollardan çox ola bilər.
“Bloomberg” yazır ki, “Nvidia”dakı payın satışı SoftBank rəhbəri Masayosi Sona süni intellekt sahəsində bir sıra bahalı layihələri — çip istehsalından tutmuş məlumat emalı mərkəzlərinin qurulmasına qədər — maliyyələşdirməyə imkan verəcək. “SoftBank” “OpenAI” və “Oracle” ilə birlikdə “Stargate” adlı nəhəng data mərkəzləri şəbəkəsi layihəsində iştirak edir, həmçinin ona məxsus “Arm Holdings” şirkəti öz süni intellekt çipini istehsal etməyi planlaşdırır. Bununla belə, “SoftBank”ın maliyyə direktoru Yoşimitsu Goto satışa münasibət bildirərkən Sİ “balonu” mövzusuna toxunmayıb.
Bəzi investorlar “SoftBank”ın “OpenAI-“ə həddindən artıq güvəndiyini və “Nvidia” kimi sabit gəlir mənbələrini azaldaraq risk etdiyini düşünür. “Matsui Securities” şirkətinin analitiki Tomoiciro Kubota bildirib ki, bəzi treyderlər “OpenAI”nin gəlir gətirə bilməyəcəyinə şübhə edərək səhmlərini satıb və mənfəəti fiksasiya edib.
Bununla belə, bir çox investor “SoftBank” səhmlərinin ucuzlaşmasını alış imkanı kimi dəyərləndirib, “IwaiCosmo Securities” analitiki Tomoaki Kavasaki bildirib. Onun fikrincə, bir çoxları “SoftBank”ın süni intellektlə bağlı artımının hələ yeni başladığını düşünür. “Citigroup” analitiki Keiçi Yonesima isə qeyd edib ki, şirkətin dəyəri investorların onun aktivlərini necə qiymətləndirməsindən asılı olacaq, buna görə də səhmlər volatilliyə açıq olacaq. Bununla belə, o, “SoftBank”ın aktivlərinin xalis dəyəri artdıqca səhmlərin yenidən cəlbedici olacağını proqnozlaşdırır.






