9 mart 2026-cı ildə “SoftBank” səhmləri Tokio birjasında 9,8% ucuzlaşıb — bu, ümumilikdə Yaponiya bazarındakı enişdən təxminən iki dəfə çoxdur, deyə “Financial Times” (FT) yazır. Buna səbəb “OpenAI” və “Oracle” şirkətlərinin “SoftBank”ın da iştirak etdiyi “Stargate” layihəsi çərçivəsində Texasda məlumat mərkəzinin genişləndirilməsi planlarından imtina etməsi ilə bağlı xəbərlər olub.
2025-ci ilin noyabrından bəri şirkətin səhmləri 48% dəyər itirib. İnvestorlar “SoftBank”ın “OpenAI”yə “riskli mərc etməsindən” narahatdırlar. Startapa yönəldilmiş ümumi investisiyaların həcmi artıq 64,6 milyard dollara çatıb.
“Reuters” yazır ki, startap qarşısındakı öhdəliklərini yerinə yetirmək üçün “SoftBank” təxminən 5,8 milyard dollar dəyərində “Nvidia”dakı payını tam satıb, həmçinin mobil operator “T-Mobile”dakı payının bir hissəsini 9,1 milyard dollardan çox məbləğə realizə edib. Bundan əlavə, şirkətin bir sıra əməkdaşlarını ixtisar etdiyi və iri müqavilələrin artıq şəxsən rəhbər Masayoşi Sonun razılığı ilə həyata keçirildiyi bildirilir.
S&P reytinq agentliyinin qiymətləndirməsinə görə, 320 milyard dollar dəyərində olan “SoftBank” portfelinin yarıdan çoxu indi likvidliyi aşağı və çətin satılan aktivlərdən ibarətdir. 2026-cı ilin martında agentlik şirkətin kredit reytinqini spekulyativ səviyyə olan “BB+”-a endirib.
S&P-nin bu qərarı “SoftBank”ın “OpenAI”yə əlavə investisiyalar üçün kredit cəlb etmək planlarını çətinləşdirə bilər. Bundan əvvəl “Bloomberg” şirkətin 40 milyard dollar kredit götürməyi planlaşdırdığını bildirmişdi.
FT qeyd edir ki, “SoftBank”ın hazırkı vəziyyəti şirkət üçün “adi yüksəliş və eniş dövrünə” uyğun gəlir: Masayoşi Son yeni bir ideya ilə maraqlanır, investisiyaları artırır və borc yükünü genişləndirir. Keçmişdə bu strategiya həm böyük uğurlar (məsələn, “Alibaba”ya erkən investisiyalar), həm də uğursuzluqlar (“WeWork” şəbəkəsinə yatırımlar) gətirib.
Bununla belə, “SoftBank” investisiya portfelini şaxələndirməyə davam edir. Şirkət, xüsusilə, robototexnika və rəqəmsal infrastrukturun inkişafı layihələrinə təxminən 9 milyard dollar yatırmağı planlaşdırır, lakin FT əlavə təfərrüatlar açıqlamır.





