Almaniya kansleri Olaf Şols və ABŞ prezidenti Co Bayden iyunun 26-da Elmauda G7 sammiti çərçivəsində ikitərəfli danışıqlar aparacaqlar.
Bunu Almaniya hökumətinin sözçünün müavini Volfqanq Buxner Berlində keçirdiyi brifinqdə bildirib.
“Kansler Şols bazar günü, iyunun 26-da Elmauda prezident Baydenlə ikitərəfli danışıqlarda iştirak edəcək. Danışıqların mərkəzində təbii ki, ikitərəfli münasibətlər və G7 sammitinin və ondan sonrakı NATO-nun gündəliyindəki bütün mövzular dayanır”, – Volfqanq Buxner deyib.
O əlavə edib ki, kansler Şols 28-30 iyun tarixlərində Madriddə keçiriləcək NATO sammitində iştirak edəcək. Onu xarici işlər naziri Annalena Burbok və müdafiə naziri Kristina Lambrext müşayiət edəcək.
Almaniyanın sədrliyi ilə keçiriləcək G7 sammiti iyunun 26-28-də Bavariyadakı Elmau qəsrində keçiriləcək. Sammitə dəvət olunmuş iştirakçılar arasında Seneqal, Cənubi Afrika Respublikası, Argentina, Hindistan, İndoneziya liderləri də var. Görüşdə Ukrayna prezidenti Vladimir Zelenski də videobağlantı vasitəsilə iştirak edəcək.