Almaniya kansleri Olaf Şolts Pekinə rəsmi səfərə gəlib. O, Çin lideri Si Tsinpinlə görüşüb. Si Tsinpin öz növbəsində cənab Şoltsa dünyada baş verən “xaos” fonunda ikitərəfli əməkdaşlığı gücləndirməyi təklif edib.
Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
Onun sözlərinə görə, Pekin və Berlin bütün planetdə sülhün qorunmasına və inkişafın stimullaşdırılmasına daha böyük töhfə verə bilər. “Biz sadəcə bir-birimizə hörmət etməliyik, fərqləri aradan qaldırmalıyıq, qarşılıqlı fəaliyyət göstərməliyik və təcrübə mübadiləsi aparmalıyıq. Çin və Almaniya arasında münasibətlərin inkişaf vektoru dəyişməyəcək”, – ÇXR lideri deyib.
Çin Kommunist Partiyasının 20-ci qurultayı oktyabrın 22-də başa çatıb. Nəticədə Si Tsinpin yenidən partiyanın baş katibi seçilib. Qurultay zamanı cənab Si Tsinpin deyib ki, “ABŞ sülhü qorumaq üçün Çinlə məsuliyyəti bölüşdürməlidir”. Qeyd edək ki, Çin lideri noyabrın 15-16-da Balidə keçiriləcək G20 sammitində ABŞ prezidenti Co Baydenlə görüşə bilər.