Almaniya kansleri Olaf Şolts Rusiya prezidenti Vladimir Putinin Balidə keçiriləcək G20 sammitində iştirak etməmək qərarından təəssüfləndiyini bildirib.
Olaf Şolts jurnalistlərə deyib ki, Rusiya prezidenti fikrini dəyişsə, buna sevinər.
“Prezident Putin G20 sammitinə getsəydi, yaxşı olardı. Lakin bu zaman o, bir çox ölkə nümayəndələrinin müxtəlif sualları və bütün tənqidlərilə üzləşməli olacaqdı. Bəlkə də buna görə tədbirdən imtina edib”, – Şolts deyib.
Şolts Putinin yaxın vaxtlarda qərarına yenidən baxacağına inanmır.
“Son saniyədə bunun dəyişəcəyini düşünmürəm. Əgər dəyişsə, xoşbəxt olaram”, – o əlavə edib.
Kansler Putini qoşunları Ukraynadan çıxarmağa və sülh üçün töhfə verəcək təkliflər irəli sürməyə çağırıb.
G20 liderlərinin sammiti noyabrın 15-16-da İndoneziyanın Bali adasında keçiriləcək.
Rusiya nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrovun başçılıq edəcəyi bildirilir.
Putin sammitdə hətta onlayn formatda da danışmayacaq.
İndoneziya siyasətçiləri Qərb liderlərini G20 sammiti naminə Rusiyaya qarşı ritorikalarını yumşaltmağa çağırıblar.