8 C
Baku
Friday, December 13, 2024

Son 3 ayda Mərkəzi Bank ölkədəki qiymət artımlarını ‘boğmaq’ üçün 1.08 mlrd. manatlıq müdaxilə edib

Azərbaycan Mərkəzi Bankı 2022-ci ilin sentyabrından anti-inflyasiya tədbiri olaraq iqtisadiyyatdan pulu yığmağa başlaması ilə 1 milyard manatı sterilizasiya edib.

Banker.az-ın əldə etdiyi məlumatlara görə, Azərbaycan Mərkəzi Bankı bu gün də Bakı Fond Birjasında iki hərrac keçirdi və hər birində 30 mln. manat olmaqla ümumilikdə 60 mln. manat vəsaiti cəlb edə bilib.

Azərbaycan Mərkəzi Bankı noyabrda daha aqressiv formada sterilizasiya əməliyyatları həyata keçirdi və ümumilikdə 600 mln. manat həcmində vəsaiti iqtisadiyyatdan yığmalı olub.

Mərkəzi Bank sonuncu açıqlamasında bildirib ki, 2022-ci ilin sentyabr ayından başlayaraq daimi imkan alətlərinin işə düşməsi, banklar tərəfindən məcburi ehtiyatların yeni normalara uyğun saxlanılmasına başlanılması və oktyabrın əvvəlindən başlayaraq 1, 3, 6 və 9 aylıq notlarla sterilizasiya əməliyyatlarının aktivləşdirilməsi monetar şərait vasitəsilə inflyasiya təzyiqlərinin azaldılmasına yönəldilib.

Beləliklə, sentyabr ayının əvvəlindən noyabr ayının son ticarət gününə qədər Mərkəzi Bank tərəfindən iqtisadiyyatdan ilkin buraxılmış notlar üzrə 1 milyard 80 milyon manat vəsait yığılmış oldu.

Mərkəzi bankın notları 1, 3, 6 və 9 aylıq olmaqla ticarətə buraxılır və təyinatına görə Mərkəzi Bank tərəfindən pul kütləsinin tənzimlənməsi (sterilizasiyası) aləti kimi istifadə olunur.

Buraxılış xüsusiyyətlərinə görə notlar istiqrazlarla eyni kateqoriyaya aid edilir və istiqraz forması olaraq diskontlu istiqraz kimi tədavülə buraxılır. Yəni tədavül müddətinin sonunda emitent tərəfindən investora istiqrazın nominal qiymətlə tam həcmi ödənilir.

AMB bunun müqabildinə yerli banklara 16.07 milyon manatlıq faiz ödənişi etməli olacaq.


Yumşaq və sərt pul siyasəti nədir?

Yumşaq pul siyasəti tələbin canlandırılmasına və iqtisadi artımın stimullaşdırılmasına yönəldmiş pul siyasətidir. Yumşaq pul siyasəti yeridərkən Mərkəzi Bank verdiyi kreditlər üzrə faiz dərəcələrini aşağı salır, qiymətli kağızlar alaraq dövriyyəyə pul buraxır, banklara daha çox kreditlər verir, milli valyutanın məzənnəsinin ucuzlaşmasına şərait yaradır. Sərt pul siyasəti inflyasiyanın məhdudlaşdırılmasına yönəldmiş siyasətdir. Sərt pul siyasəti yeridərkən Mərkəzi Bank verdiyi kreditlər üzrə faiz dərəcələrini yüksəldir, malik olduğu qiymətli kağızları sataraq dövriyyədəki pulu azaldır, milli valyutanın məzənnəsinin möhkəmlənməsinə şərait yaradır, banklara kredit verilməsini məhdudlaşdırır.

Pul siyasətinin AMB-nin hansı alətləri var?

Mərkəzi Bank tərəfindən həyata keçirilən pul siyasəti alətləri “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanunun 29-cu maddəsində də aşağıdakı kimi öz əksini tapmışdır:

  • Açıq bazarda əməliyyatlar;
  • Faiz dərəcələrinin müəyyənləşdirilməsi;
  • Məcburi ehtiyat normaları;
  • Kredit təşkilatlarının yenidən maliyyələşdirilməsi;
  • Depozit əməliyyatları;
  • Beynəlxalq təcrübədə qəbul edilmiş pul siyasətinin digər alətləri.
Son xəbərlər
Digər xəbərlər