Azərbaycanda son 5 ildə 38,2 min hektar ərazidə suvarma sistemlərinin qurulmasına 93,3 milyon manat subsidiya ayrılıb.
Bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova “Su İdarəetmə Sistemlərinin iqlimə Dayanıqlı Kənd Təsərrüfatında Rolu: COP29 Dəyirmi Masa Müzakirələri” mövzusunda tədbirdə deyib.
Onun sözlərinə görə, ökədə intensiv kənd təsərrüfatının inkişafı üçün dövlət dəstəyi mövcuddur: “Müasir suvarma sistemlərinin tətbiqini stimullaşdırmaq üçün müxtəlif güzəştlər və subsidiyalar tətbiq olunur. Fermerlərlə sıx əməkdaşlıq etmək və onların iqlimə davamlı yanaşmaları mənimsəmələrinə dəstək vermək isə bu prosesi sürətləndirə bilər. Fermerlərin su ehtiyatlarını səmərəli istifadə etmələri və iqlim dəyişikliklərinə uyğunlaşmaları, sektorun davamlı inkişafı üçün həlledici addımlardır. Bu istiqamətdə fəaliyyətlər, COP29 zamanı – noyabrın 19-da keçiriləcək Ərzaq, Kənd Təsərrüfatı və Su Günündə təqdim ediləcək “Harmoniya Təşəbbüsü”nün əsas hədəflərindən biridir. Bu təşəbbüs, kənd təsərrüfatı icmalarına və fermerlərə müasir su idarəetmə sistemləri və iqlimə davamlı yanaşmaları tətbiq etmək üçün lazımi dəstəyi təmin etməyi qarşısına məqsəd qoyur”.