2025-ci ilin ilk üç rübündə tikinti-quraşdırma işlərində qiymətlər üçüncü rübdə 2 faiz artıb və bu öncəki rüblərə baxdıqda bir qədər sürətləndiyi müşahidə edilir.
Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər.
Halbuki, ilk rübdə 1,6 faiz, ikinci rübdə rübdə 1,5 faiz illik artım vardı.
Tikinti-quraşdırma qiymət indeksləri sektorun maya dəyərini və layihələrin real xərc yükünü göstərən əsas göstəricidir. Artım meyli podratçıların xərclərini yüksəldir, dövlət və özəl layihələrin büdcəsinə təsir edir və daşınmaz əmlak qiymətlərinin gələcək dinamikasını formalaşdırır.
Yerüstü tikililər üzrə qiymətlərdə də oxşar meyl müşahidə olunub. Bu kateqoriyada I rübdə 1,4 faiz, II rübdə 1,3 faiz, III rübdə isə 1,9 faiz artım qeydə alınıb. Yaşayış evləri seqmentində bahalaşma daha zəif olub – I rübdə 1,3 faiz, II rübdə 1 faiz, olduğu halda, III rübdə 1,2 faiz artım baş verib.
Bununla belə, 5 mərtəbəyə qədər yaşayış evlərində artım nisbətən yüksək — müvafiq olaraq 1,6 faiz, 1,2 faiz və 1,8 faiz təşkil edib. 6 və daha çoxmərtəbəli binalarda isə qiymət artımı daha zəif qalıb və III rübdə cəmi 1 faiz səviyyəsində olub. Öncəki rübdə 0.9 faiz idi.
Sosial təyinatlı binalar üzrə qiymət artımı xüsusilə III rübdə sürətlənib. Bu seqmentdə qiymətlər cari ilin ilk üç rübü üzrə ardıcıl olaraq 1,3 faiz, 1,1 faiz və 2,5 faiz yüksəlib. Artımın əsasını inzibati tikililərdə qeydə alınan bahalaşma təşkil edir. III rübdə bu kateqoriyada qiymətlər 3,1 faiz artaraq bütün istiqamətlər arasında ən yüksək dinamikanı göstərib.
İstehsal təyinatlı obyektlər sektor üzrə ən sabit və yüksək artım tempinə malik sahələrdən biridir. Həm I, həm II, həm də III rüblərdə qiymətlər müvafiq olaraq 2,5 faiz, 3,3 faiz və 3 faiz bahalaşıb.
Yol və körpü tikintisi bu il tikinti sektorunun əsas bahalaşma istiqamətlərindən biri kimi seçilib. Ümumi qiymət artımı I rübdə 2,7 faiz, II rübdə 3 faiz, III rübdə isə yenə 3 faiz təşkil edib. Yol tikintisi bu sahəni irəli çəkən əsas istiqamət olub və III rübdə illik artım 3,1 faizə çatıb. Körpü tikintisində isə dinamika daha dəyişkən olub. II rübdə artım cəmi 1 faiz olsa da, III rübdə göstərici yenidən 2 faizə yüksəlib.
Qeyd edək ki, ən çox bahalaşan məhsullar sırasında kərpic ilk yerdə qərarlaşıb – illik qiymət artımı 5 faiz təşkil edib. Kəsilmiş taxta və divar kağızı üçün yapışqan da müvafiq olaraq 2,5 faiz bahalaşma ilə siyahının önündə yer alıb. Plastik pəncərə, ağac-yonqar lövhə və çanaq kimi məhsullarda da təxminən 1,5–2 faiz civarında qiymət artımı müşahidə olunub.
Ən çox ucuzlaşan məhsullar isə kanalizasiya borusu və sement olub. Kanalizasiya borusunda illik qiymət azalması 5,5 faiz, sementdə isə 4,2 faiz qeydə alınıb. Su tənzimləyiciləri, parket üçün lak, unitaz, yağlı boya və digər bir sıra məhsullar da orta hesabla 2–3 faiz ucuzlaşıb.








