13 C
Baku
Friday, November 22, 2024

Son dörd ildə sosial islahat paketlərinə 6 milyard manat ayrılıb

Son dörd ildə Azərbaycanda ölkə əhalisinin 40 faizindən çoxunu əhatə edən üç əsas sosial islahat paketi həyata keçirilib və bu paketlər üçün ayrılan əlavə illik vəsait ümumilikdə 6 milyard manat və ya 3,5 milyard ABŞ dolları təşkil edib.

Banker.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Bakıda “MDB-də sosial islahatlar: trendlər, potensiallar, həllər” mövzusunda beynəlxalq konfransda deyib.

S.Babayev həmin dövrdə minimum əməkhaqqının orta hesabla 2,3 dəfə, minimum pensiyanın 2,2 dəfə, sosial müavinətlərin 70%, ümumi sosial xərclərin 2,5 mlrd. manat artdığını diqqətə çatdırıb. 2018-ci ilə nisbətən orta aylıq pensiyada orta hesabla 65 faiz, orta aylıq əməkhaqqında 35 faiz, median əməkhaqqında 74 faiz, əməkhaqqı fondunda 2 dəfə artım baş verdiyini qeyd edib.

Nazir bildirib ki, qeyd edilən dövrdə əmək müqavilələrinin sayının 30 faiz artması sosial sığorta daxil olmalarına da müsbət təsir göstərib. “Son 4 ildə DSMF-nin gəlirləri 42 faiz və ya 1,5 milyard manat artıb. Dövlət büdcəsindən Fonda transfertlərin həcmi isə 14 faiz azalıb və bu il üçün həmin həcm 21,6 faiz təşkil edib. Həmin dövrdə DSMF tərəfindən sosial sığorta ayırmaları hesabına əhaliyə ödənilən sosial ödənişlərin həcmi 1,5 milyard manat artıb və Fondun xərclərinin 97 faizdən çoxunu sosial ödənişlər təşkil edib”, – deyə nazir bildirib.

Son xəbərlər
Digər xəbərlər