Vergilər Nazirliyinin vergi ödəyicilərinin qeydiyyatı ilə bağlı informasiya bazasının məlumatlarına əsasən, Azərbaycanda bu ilin əvvəlindən 25 508 sayda vergi ödəyicisi qeydiyyata alınıb.
Bu barədə agentliyə nazirlikdən məlumat verilib.
Onlardan 23 828-i fiziki şəxs, 1 680-i hüquqi şəxs, o cümlədən, 114-ü xarici investisiyalı müəssisədir.
Qeyd olunub ki, qeyri-neft sektorunda fəaliyyət göstərən xarici investisiyalı müəssisələrin maraq dairəsi də genişlənib: “Onları cəlb edən sənaye, tikinti, nəqliyyat kimi sahələr sırasına turizm, xidmət və ticarət də əlavə olunub. Azərbaycanın biznes sektoruna daxil olan ölkələrin müxtəlifliyi də artıb. Məsələn, yeni qeydiyyata alınmış müəssisələrdən kommersiya fəaliyyəti və idarəetmə sahəsində ixtisaslaşan “Sparkassen Advisory Services” MMC Almaniyanı, mühəndis avadanlıqlarının quraşdırılması ilə məşğul olan “General Engineering Services and Supply Company LP” Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığını, bazar konyunkturasının tədqiqi və ictimai rəyin öyrənilməsi ilə məşğul olan “Trea International Group, İNC”şirkəti Amerika Birləşmiş Ştatlarını, nəqliyyat sahəsində ixtisaslaşmış “SKYBUS” MMC Estoniyanı, “United Alliance Group LTD” şirkəti Birləşmiş Ərəb Əmirliklərini, “Vega International Car Transport & Logistic-Trading Gesellschaft” şirkəti Avstriyanı, “DB International GMBH” şirkəti Almaniyanı, kartoqrafiya fəaliyyəti göstərən “AİRBUS DsGeoSa” şirkəti Fransanı, neft və təbii qaz sahəsində fəaliyyət göstərən “Qinterra Technologies AS” və “EPİ limited” şirkətləri Norveç Krallığını,tikinti sektorunda çalışan “LAB TEC” MMC İran İslam Respublikasını, turizm xidmətləri göstərən “Kroun Konsaltinq” şirkəti Ukraynanı, rezin məmulatların istehsalı ilə məşğul olan “Coşkun Kauçuk” MMC Türkiyəni təmsil edir”.
Nazirlikdən qeyd edilib ki, xarici investisiyaların Azərbaycana yönəlməsi böyük maliyyə imkanlarına malik iri şirkətlərin sayının artmasına, onların iqtisadiyyata sərmayə qoyuluşlarının güclənməsinə və özəl sektorun daha da inkişafına yol açır.
report