Əhali son üç ayda “Günay Bank” ASC-dakı depozitlərini bir hissəsini geri çəkib, bank əlindəki nağd vəsaitlərin həcminin azalması səbəbindən kiçilib.
Banker.az bu barədə Bankın 2022-ci ili yanvar-sentyabr ayları üzrə rüblük hesabatına istinadən xəbər verir.
Belə ki, fiziki şəxslərin “Günay Bank”dakı depozitləri 2022-ci ilin üçüncü rübü ərzində 13.08 milyon, yaxud 15%-dən çox azalmaqla 72.69 milyon manata enib. Fiziki şəxslərin depozitlərinin həcmi 1 iyul tarixində 85.77 milyon manat idi.
Eyni qaydada, hüquqi şəxslərin son üç ayda depozitləri 47.87 milyon manatdan 43.9 milyon manata düşüb ki, bununla da ümumi depozit portfeli 116.59 milyon manata düşüb.
Depozit portfelindəki kiçilməni göstərən daha bir maraqlı məqam isə müddətli depozitlərdir, hansı ki, bu müştərinin faiz gəlirliyi imkanı müqabilində banka qoyduğu əmanətdir. Bu əmanətlər 79.57 mln. manatdan 56.75 mln. manata düşüb.
Öhdəliklərin cəmi 222.15 milyon manat olduğunu nəzərə alsaq, bu bank üçün çox ciddi təsirdir. Çünki, Bankın əsas maliyyə mənbəyi məhz bu müştəri depozitləridir.
“Günay Bank” 2022-ci ilin üçüncü rübündə kredit bazarında bir o qədər də aktiv görünməyib, nəticə etibarı ilə onun kredit portfeli cəmi 1% artımla 204.18 mln. manatdan 206.33 manata yüksəlib.
Lakin əsas fəaliyyət istiqaməti olan biznes kreditləri üzrə portfelini nəinki artırıb, əksinə 0.18% azalmaqla 124.33 mln. manata düşüb. Cəmi portfeldəki artımı istehlak və ipoteka kreditləri dəstəkləyir.
Bankın “kassasında” olan 59.79 mln. manatlıq nağd pul və onların ekvivalentləri azalaraq 33.54 mln. manata düşüb. Bununla da onun aktivləri 5%-dən çox azalma ilə 289.89 milyon manata düşüb.
Xatırladaq ki, “Günay Bank” 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 64.9 milyon manatdır. Bankın səhmlərinin 52.13%-i Mahmud Məmmədova (MŞ-nın sədri), 40.05%-i Yeganə Şirinovaya (“Günay Sığorta” ASC-nin 71.94%-lik səhmdarı), 2.67%-i Günay İldırımzadəyə, 2.31%-i Xanım Məmmədovaya (MŞ-nın keçmiş üzvü, “Günay Sığorta”nın 11.45%-lik səhmdarı), 1.12%-i Samir Cəfərova, 1.1%-i Mahir Xəlilova, 0.63%-i isə Fransa vətəndaşı Əhməd Mehribaniyə məxsusdur.