9 C
Baku
Friday, November 15, 2024

“Sony PlayStation 5” konsolunun istehsal həcmi azaldılacaq

“Sony” şirkəti “PlayStation 5” oyun konsolunun ilk buraxılış ilində onun istehsal həcmini azaldacaq. İstehsalın məhdudlaşdırılması koronavirus infeksiyasının (COVID-19) komplekt hissələrin qiymətinin bahalaşmasına səbəb olması ilə əlaqədardır. Buna görə Yaponiya istehsalçısı 2020-ci ildə “PS4” qurğusuna nisbətən daha az yeni oyun qurğusu buraxmağı planlaşdırır. Bu barədə “Bloomberg” agentliyinin mənbələrinə istinadən məlumatında deyilir.

2021-ci ilin martınadək 5-6 milyon “PS5” qurğusunun istehsalı nəzərdə tutulur. Müqayisə üçün qeyd edək ki, 2013-cü ilin noyabrında buraxılan “PS4” konsolunun təkcə ilk iki rüb ərzində satış həcmi 7,5 milyon ədəd təşkil edib.

Məlumata görə, istehsal həcminin saxlanılması üçün şirkət qurğunun qiymətini bahalaşdıra bilmir. Belə ki, “Sony” bahalaşmanın alıcıları uzaqlaşdıraraq “Xbox Series X” qurğularına üstünlük verməyə başlayacağından ehtiyat edir. Yeni “Microsoft” konsolu “PS5” qurğusu kimi, bu ilin sonunda buraxılacaq və “AMD Zen 2” prosessor arxitekturası ilə təchiz ediləcək.

“PS5” üçün yeni oyunlar hazırlayan tərtibatçıların gözləntisinə görə, yeni “Sony” qurğusunun qiyməti 499-549 dollar təşkil edəcək. Müqayisə üçün qeyd edək ki, “PS4” qurğusu 300 dollara, sonuncu və ən bahalı “PS4 Pro” modeli isə 400 dollara satılır.

“Sony” şirkəti yeni nəsil “PlayStation” qurğusunun texniki xüsusiyyətlərini rəsmən ötən ay açıqlayıb. Konsol texniki göstəricilərinə görə “Xbox Series X” qurğusundan nisbətən zəif olsa da, köhnə oyunlarla uyğunluq təşkil edəcək. “Microsoft” korporasiyası artıq yeni konsolu nümayiş etdirib, lakin “Sony” şirkəti “PS5” qurğusunun dizaynını indiyədək sirr olaraq saxlayır.

©İctnews

Son xəbərlər
Digər xəbərlər