Bu gün, avqustun 9-da Yaponiyanın “Sony” korporasiyası 2023-cü maliyyə ilinin birinci rübü üçün hesabat verib, Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir. Ötən maliyyə ilinin eyni rübü ilə müqayisədə şirkətin xalis mənfəəti 31% azalaraq 253 milyard yenə (1.8 milyard dollar) düşüb. Eyni zamanda, “Sony”nin gəliri 33% artaraq 2.9 trilyon yenə (20.2 milyard dollar) çatıb ki, bu da analitiklərin proqnozlarını üstələyir.
Analitiklər şirkətin mənfəətinin azalmasının səbəbini yayımlanan kontentin satışlarının düşməsi ilə əlaqələndirirlər. Bundan başqa, şirkətin ümumi mənfəətinə mənfi təsir göstərən digər amil onun sığorta bölməsinin zəif nəticələridir.
Qeyd edək ki, şirkətin ümumi satışları PlayStation 5 konsollarına güclü tələbat (38% artım) və onlar üçün kontent sayəsində əhəmiyyətli dərəcədə artıb. Təkcə 2023-cü maliyyə ilinin birinci rübündə konsol satışları 3.3 milyon ədəd təşkil edib. Şirkət il ərzində rekord – 25 milyon PS5 satmağı planlaşdırır.