Müsahibimiz Harvard Universitetinin məzunu Bəxtiyar Hacıyev
1. Bəxtiyar müəllim, ilk öncə suallarımızı cavablandırmağa vaxt ayırdığınız üçün təşəkkür edirəm, sağ olun ki, təklifimizi qəbul etdiniz. Tərcümeyi-halınıza nəzər saldıqda Harvarddan öncə Azərbaycanda artıq ali təhsil aldığınızı görürük, bəs necə oldu ki, Harvardda oxumaqla bağlı belə daxili zərurət hiss etdiniz?
2005-ci ildə BMT Baş Assambleyasında Azərbaycanı təmsil etmək üçün Nyu-Yorka səfər etmişdim. Oradan qayıdandan sonra düşünürdüm ki, ABŞ-da təhsil almaq, yaşamaq istəyirəm. Növbəti il, 2006-cı ildə yenidən ABŞ-a, BMT-nin bir qlobal forumuna dəvət edildim. Forum Klivlənddə Case Western Reserve Universitetində keçirilirdi. Universitetdəki mühiti çox bəyəndim. Qərar verdim ki, ora müraciət edim. Forumdan sonra qısa gəzinti üçün Vaşinqtona səfər etdim. Orada görüşdüyüm bir gənc siyasətçi dostuma bu barədə danışanda, o “niyə daha yaxşı universitetə müraciət etmirsən? Məncə, sənin indiyə qədər qazandığın nailiyyətlərlə, Harvarda müraciət edə bilərsən” dedi. Təbii ki, o zaman bu əlçatmaz görünürdü, lakin həmin dostum məni əmin etdi ki, Harvarda müraciət etsəm, qəbul ola bilərəm. 2007-ci ilin martında isə qəbul məktubunu aldım. Çox sevinirdim, çünki hər zaman keyfiyyətli təhsil almaq istəyirdim, bu dəfə isə dünyanın ən nüfuzlu ali məktəbindən mənə qəbul məktubu gəlmişdi.
2. Bəs, təhsilinizin Harvarda qədər ki, Azərbaycan mərhələsini qısa necə xarakterizə edərdiniz? Bilirik ki, öncə Ağdaş özəl türk liseyinin, daha sonra Bakı Dövlət və Xəzər Universitetlərinin məzunu olmusunuz. Bunlardan hansı formalaşmanızda daha böyük rol oynayıb?
Türk liseyində oxuduğum müddətdə Respublika Fənn Olimpiadalarında fizika fənni üzrə və daha sonra Beynəlxalq Fizika Olimpiadalarında iştirak etmişəm. Bu müddətdə səfər etdiyim xarici ölkələrdə olimpiadaların keçirildiyi universitetlərdə oxumaq hər zaman xəyalım olub. Təəssüf ki, 2000-ci ildə liseydən məzun olanda mənə xaricdə təhsil almaq üçün yol göstərən, yardım edən olmadı və mən Bakı Dövlət Universitetində təhsilə başlamağa qərar verdim. Türk liseyində, elm olimpiadalarındakı mühitdən sonra BDU-da sərt, tələbə-müəllim münasibətlərinin çox rəsmi, quru olduğu mühit məni çox sıxırdı. Verilən təhsilin keyfiyyəti də məni qane etmirdi. Təsəvvür edin ki, informatika, proqramlaşdırma dərslərini biz qara lövhədə, təbaşirlə yazılmış yazılarla keçirdik. Məzun olduqdan sonra isə Xəzər Universitetində magistraturaya başladım, lakin Harvarddan qəbul məktubu aldığıma görə bu təhsili bitirməmiş ABŞ-a getdim.
3. Harvarda qəbul prosesi ilə bağlı bir neçə dəfə məqalə hazırlamalı olmuşam, bilirəm ki, heç də asan proses deyil və güclü hazırlıq, həm də maddi təminat tələb edir. Bu arzunu necə reallaşdıra bildiniz?
Müraciət edəcəyimi dəqiqləşdirdikdən sonra qısa müddət imtahanlara hazırlaşdım, sənədləri hazır etdim və təqdim etdim. Amma prosesin öz çətinliklərindən əlavə gözlənilməyən problemlər də çıxmışdı. Məsələn, ilk imtahanı Bakıda verməli idim. Həmin həftə Bakıda qiymətlərin qalxmasına etiraz əlaməti olaraq bir sayt qurmuşdum və bu sayta görə inzibati həbs edilmişdim. 2 gün sonra həbsdən çıxdım, universitetə bu barədə yazdım.
Onlar mənə daha bir möhlət verdilər. Bu dəfə isə AIESEC təşkilatının Misirdə keçirilən bir konfransında iştirak etməli idim. İmtahanlardan birini İstanbulda, digərini isə Qahirədə verməyə qərar verdim. İstanbuldakı imtahan yerini tapmaqda çətinlik çəkib az qalsın imtahana gecikirdim. Amma həmin axşam Qahirəyə uçmalı olan reysə viza ilə bağlı mübahisəli vəziyyətə görə məni və Çində təhsil alan bir Azərbaycanlı tələbəni buraxmadılar. Belə əlavə problemlər çox yorucu olsa da, qəbul haqqında xəbəri oxumaq müraciət müddətində çəkilən bütün əziyyətləri unutdurur.
4. Harvard məzunu olmaq üçün hansı bilik və bacarıqlara yiyələnmək lazımdır?
Harvardda hər ixtisas, proqramın öz qəbul şərtləri var. Bəzilərində uzun illər iş təcrübəsi, bəzilərində ictimai fəallıq, liderlik potensialı axtarılır. Verilən dil və digər imtahanlar əslində həlledici rol oynamır, dünyanın bir çox ölkəsindən çox tələbə bu imtahanlarda yüksək nəticə göstərirlər, amma qəbul ala bilmirlər. Qəbul ofisləri müraciət edən şəxsin xarakterini, psixoloji portretini, nailiyyətlərini, gələcək potensialını araşdırırlar və bunun əsasında qərar verirlər.
5. Azərbaycanda verilən orta və ali təhsil səviyyəsi Harvard məzunu olmaq üçün yetərlimidir, ya bu xəyala düşən şagird və tələbələr xüsusi hazırlıq və təlim prosesi keçməlidir?
Müəyyən məktəblərdə verilən təhsil Harvardda təhsil almaq üçün yetərlidir. Məsələn, bakalavr pilləsində təhsil almaq üçün özəl liseylər, magistr təhsili almaq üçün bir neçə özəl universitetimizin məzunu olmaq yetərli ola bilər. Amma tələbə adi orta məktəb və ya dövlət universitetlərindən məzun olaraq, öz üzərində heç vaxt işləməyibsə, orada təhsil alması çox çətin olar.
6. Diqqətimi çəkən digər bir məqam sizin BDU-nun tətbiqi riyaziyyat fakültəsini bitirməyinizdir. Harvardda isə İctimai siyasət üzrə magistratura təhsili almısınız. Bu nədir – maraqlı ziddiyyət ya bir-birini tamamlayan mütənasiblik? Sizcə həyatda riyaziyyatçı baxış bucağı və siyasət duyumu birləşdikdə nəyə qadirdir və bunlardan hansı daha çox köməyinizə çatır?
Harvarda müraciət edəndə bu sual məni də narahat edirdi. Düşünürdüm ki, riyaziyyatdan ictimai siyasətə keçid çətin ola bilər. Bu barədə elektron məktubla qəbul ofisinə də yazmışdım. 2007-ci ilin yanvarında Bakıda qiymətlərin artımına etiraz məqsədi ilə sayt yaratdığıma görə məni inzibati həbs edəndə, İnterpolda çalışan bir şəxsi Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırmışdılar ki, o mənim üzərimdən çıxan elektron yaddaş kartındakı yazışmaları oxusun və tərcümə etsin. Həmin şəxs Harvardla yazışmalarımda riyaziyyatla bağlı narahatçılığı oxuduqdan sonra bildirdi ki, əksinə bunun dərslərdə çox xeyri olacaq. Sonra mənə bildirdi ki, onun özü də Harvardda təhsil alıb. Həmin şəxs o zaman İnterpolda çalışan, sonradan Azərbaycandan Kanadaya mühacirət edən Fuad Axundov idi.
Doğurdan da Harvardda riyaziyyat bilikləri çox köməyimə gəldi. Orada keçirilən dərslərin əksəriyyətində statistika, oyunlar nəzəriyyəsi, ehtimal nəzəriyyəsindən istifadə olunurdu və məhz buna görə də ilk il imtahanlarda çox rahat idim.
7. Adətən deyirlər ki, xaricdə təhsil alan tələbələrin üzlərinə bütün qapılar daha tez açılır, bəs siz bunu öz timsalınızda hiss edə bildiniz?
Mən bunu öz timsalımda Amerikada, müxtəlif ölkələrdə görmüşəm. Məsələn, məzun olduqdan sonra bir müddət ABŞ-da EDC adlı bir təhsil qurumunda, sonra isə Dünya Bankında çalışdım. EDC özü mənə iş təklif etmişdi, Dünya Bankında menecer ilə isə 10 dəqiqəlik müsahibədən sonra o mənə iş təklif etmişdi. Düşünürəm ki, siyasi fəallığım olmasa idi, Azərbaycanda da həm dövlət qurumlarında, həm də özəl sektorda çox qapılar açıq olardı. Amma mən özüm üçün başqa qapılar açdım.
Təhsil aldığım müddətdə Harvard məzunlarından birinin bir kiçik kilsədə xeyriyyə işləri ilə məşğul olduğunu görəndə təəccüblənmişdim. Düşünürdüm ki, Harvard bitirənlər hamısı yüksək vəzifə arxasınca qaçırlar. Sonra gördüm ki, həmin şəxs sadəcə öz kiçik icmasını dəyişməklə, ölkəsinə xidmət edir. Təhsil aldığım Kennedi Məktəbinin şüarı da C.Kennedinin “soruşma ki, ölkən sənin üçün nə edib, soruş ki, sən ölkən üçün nə etmisən” idi. Ona görə də, Azərbaycanda olduğum müddətdə harada, hansı formada olmasından asılı olmayaraq, ölkəmdə müsbət dəyişikliklər üçün çalışıram.
8. Harvard bir çoxları üçün əlçatmaz ülvi arzu, pərəstiş obyekti və prestij mücəssəməsi, uğurlu siyasi və ya biznes karyerasının başlanğıcıdır, bəs sizin üçün Harvard nə önəm kəsb edir? Bu təhsil sizin elmi və ya ümumi dünyagörüşünüzün formalaşmasında daha böyük rol oynadı?
Əslində, Harvard dərslərin nəzəri hissəsi olaraq digər universitetlərdən çox fərqlənmir. Məsələn, biz Bakı Dövlət Universitetində də ehtimal nəzəriyyəsi keçirdik, Harvardda da. BDU-da torbadakı qara, boz və ağ 10 dovşanın içində ardıcıl olaraq iki boz dovşan çıxarmaq ehtimalı hesablanırdı, Harvardda isə bu nəzəriyyədən istifadə edilərək müxtəlif ictimai problemlərə həll yolları. Aydın məsələdir ki, heç kim iş həyatında torbadan dovşan çıxarmayacaq. Harvardı fərqli edən tərəflərdən biri nəzəriyyənin professional həyata tətbiqini göstərməsi idi. Əsas fərq isə orada formalaşdırılan dünya görüşü, aşılanan dəyərlər idi. Məzunların uğurunun kökündə isə bu dəyərlərə sadiqlik, bir də Harvardın professional şəbəkəsi dayanır. Harvard məzunları təhsildən neçə ilk keçməsinə baxmayaraq, dünyanın harasında olmaqlarından asılı olmayaraq, bir-birlərini dəstəkləyirlər.
9. Sonda ənənəvi sualımız, xaricdə oxumaq istəyən tələbələrə hansı tövsiyələriniz vardır, maddi və texniki çətinliklərdən başqa, onlar daha hansı psixoloji baryerləri aşmalıdırlar?
İlk növbədə özlərini “mən bacararam” fikrinə inandırmalıdırlar. Özünə inanmayan şəxsin uğur qazanması çətindir. Bir tələbə özünə hədəf olaraq ən yüksək səviyyədə təhsil almağı qoyubsa və bunun üzərində davamlı çalışırsa, mütləq arzusuna nail olacaq və bu prosesdə nə imtahanlar, nə digər problemlər onun qarşısını ala bilməyəcək. Sadəcə özünüzə inanın və öz üzərinizdə çalışın.