5 C
Baku
Saturday, December 14, 2024

Sosial evləri bu şəxslər ala bilər – SİYAHI

Prezident İlham Əliyev Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) birinci layihəsi olan Yasamal Yaşayış Kompleksində inşa ediləcək ilk doqquzmərtəbəli binanın və məktəb binasının təməlqoyma mərasimində çıxış edib.

Dövlət başçısı ikinci layihənin icrası üçün hazırlıq işləri getdiyini açıqlayıb. Bəs sosial evlər hansı müddətə veriləcək, şərtləri nədən ibarət olacaq, kimlər bu fürsətdən yararlana biləcək?

Modern.az-ın bu qəbildən olan suallarını iqtisadçı Vüqar Bayramov cavablandırıb.

Ayda cəmi 180 manat ödəniş

Onun sözlərinə görə, sosial evlərin qənaət edilən evlər kimi istifadəsi nəzərdə tutulub:

“Sosial evlər 1, 2, 3 otaqlı olmaq şərti ilə inşa ediləcək. 3 otaqlı mənzillərin sahəsi 75 kvadratmetr, 2 otaqlı mənzillərin sahəsi 45 kvadratmetr, 1 otaqlı mənzillərin sahəsi isə 35 kvadratmetr olacaq. Praktiki olaraq 1, 2, 3otaqlı mənzillər qənaət olunan mənzillərdir. Burada əsas məsələ mənzil sahələrinin çox da böyük olmamasıdır. Mövcud sahə ilə daha çox insanın sosial mənzillərdən yararlanması nəzərdə tutulub”.

İqtisadçı bildirib ki, sosial mənzillərin istifadəyə verilməsi uzunmüddətli dövr üçün nəzərdə tutulub:

“Müvafiq olaraq 3otaqlı mənzillər üçün 350 manat, 2 otaqlı mənzillər üçün 250 manat, 1otaqlı mənzillər üçün 180 manat ətrafında aylıq ödənişin həyata keçirilməsi nəzərdə tutulub.

Bütövlükdə müqavilə şərtlərində ödənişlərin manatla olacağı göstərilib və sosial mənzillərin haqlarının hansısa başqa valyuta ilə ödəniləcəyi nəzərdə tutulmur”.

Kimlər sosial mənzillərdən faydalana biləcək?

V.Bayramov deyib ki, MİDA-nın açıqlamalarına əsasən, sosial mənzillərdən faydalanacaq kateqoriya sosial ipoteka almaq imkanı olanlardır:

“Biz təklif edirik ki, yalnız sosial ipoteka ala bilənlər deyil, əhalinin digər aztəminatlı təbəqəsi, o cümlədən mənzilə ehtiyacı olub birdəfəlik ödəniş etməklə mənzil ala bilməyənlər, yeni ailə quran gənclər də bu fürsətdən faydalana bilsinlər.

Hələlik MİDA-nın açıqlamalarına əsasən, sosial mənzillər sosial ipotekadan faydalanmaq hüququ olan vətəndaşlarımıza təklif ediləcək. Bu da onunla bağlıdır ki, sosial mənzillərin inşasında sosial ipoteka üçün ayrılmış vəsaitlərdən də istifadə olunacaq”.

25-30 illik ödənişlə ev sahibinə çevriləcəksiniz

Ekspert qeyd edib ki, sosial mənzillərin müddətinin sosial ipotekanın müddətinə uyğun olacağı gözlənilir:

“Mənzillərin təxminən 25-30 il müddətinə təklif ediləcəyi gözlənilir. Amma vətəndaş ödəmə qabiliyyətinin yüksəkliyinə əsasən daha az müddətə də ev götürə bilər. Güman edilir ki, gələcəkdə sosial evlərə sahib olmaq yalnız güzəştli təbəqəyə şamil olunmayacaq. Qonşu Türkiyənin təcrübəsinə nəzər yetirsək, ölkənin gənc ailələrinin də sosial evlərdən yararlandığını görürük. Yəni aztəminatlı ailələrin də sosial mənzillərə çıxışı təmin edilməlidir”.

Qeyd edək ki, ipoteka kreditləri üzrə güzəştlərdən aşağıdakı şəxslərin istifadə etmək hüququ vardır:

Gənc ailənin üzvü olan aşağıdakı şəxslər:

Şəhid ailəsinin üzvü (əri/arvadı, övladları);

Milli Qəhrəman (özü, əri/arvadı, övladları);

Məcburi köçkün və ya ona bərabər tutulan şəxs;

Üç ildən az olmayan müddətdə dövlət qulluqçusu işləyən şəxs;

Elmlər namizədi və ya doktoru elmi dərəcəsi olan şəxs;

İdman sahəsində xüsusi xidmətləri olan şəxslər (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçıları (I, II və III yerlər);

Üç ildən az olmayan müddətdə hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), eləcə də ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara ipoteka krediti üzrə güzəştlər şamil olunmur.

Qeyd edək ki, ipoteka kreditləri üzrə güzəştlərdən istifadə etmək hüququ olan hər bir ailə (şəxs) bu güzəştlərdən yalnız bir dəfə istifadə edə bilər.

Son xəbərlər
Digər xəbərlər