10 C
Baku
Thursday, December 12, 2024

Sosial şəbəkələrdə təhqir və böhtana görə hansı məsuliyyət nəzərdə tutulur?

Müasir dövrdə internet istifadəçilərinin mütləq əksəriyyətinin həyatının ayrılmaz hissəsinə çevrilmiş sosial şəbəkələr təkcə rahat ünsiyyət, tanışlıq, gündəlik həyata aid məlumatların və şəkillərin paylaşımı platforması deyil, həm də ictimai-siyasi təsir və idarəetmə alətinə çevrilib.

Cəmiyyətin müxtəlif yaş qrupundan olan üzvləri, o cümlədən uşaqlar və yeniyetmələr də sosial şəbəkələrin imkanlarından geniş istifadə etməyə çalışırlar.

Günümüzdə olan ən önəmli məsələlərdən biri sosial mediada şərəf və ləyaqətin alçaldılması, təhqir və böhtana görə nəzərdə tutulan məsuliyyətlə bağlıdır.

Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsinə əsasən, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ var. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə görə fiziki şəxs onun şərəfini, layaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin.

Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir.

Kütləvi informasiya vasitələrində hüquqlarına və ya qanunla qorunan mənafelərinə toxunan məlumatlar dərc edilmiş fiziki şəxsin həmin kütləvi informasiya vasitələrində öz cavabının dərc edilməsi hüququ var.

Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxs mülki qaydada iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ var.

Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ var.

«Kütləvi informasiya vasitələri haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə görə kütləvi informasiya vasitəsində başqasının şərəf və ləyaqətinin alçaldılmasına, şayiələr, yalan, qərəzli yazılar dərc olunmasına yol verilmir.

Həmin Qanunun 44-cü maddəsinə görə kütləvi informasiya vasitəsində fiziki və hüquqi şəxslərin şərəf və ləyaqətini ləkələyən, böhtan və təhqir xarakterli məlumatlar verildikdə, fikirlər təhrif olunduqda fiziki şəxsin özünün və ya nümayəndəsinin, hüquqi şəxsin rəhbərlərinin, yaxud səlahiyyətli nümayəndəsinin həmin kütləvi informasiya vasitəsində bir ay müddətində cavab vermək, həqiqətə uyğun olmayan məlumatın təkzib olunmasını, düzəliş verilməsini, habelə üzr istənilməsini tələb etmək, yaxud birbaşa məhkəməyə müraciət etmək hüququ var.

Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsinə əsasən, hər kəsin fikir və söz azadlığı var.

Lakin “Fikir və söz azadlığından” sui-istifadə edərək insanların təhqir edilməsi, onlara böhtan atılması cinayət məsuliyyətinə səbəb olur.

Cinayət Məcəlləsinin 147 – ci maddəsi Böhtana , 148 – ci maddəsi ilə Təhqirə görə məsuliyyəti nəzərdə tutur.

Böhtan dedikdə – yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma başa düşülür. Böhtana görə min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Həmçinin ağır və xüsusilə ağır cinayət ittiham etməklə böhtan atma isə daha sərt – iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur.

Cinayət hüquqi məsuliyyət yaradan Təhqir dedikdə isə – kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma başa düşülür. Təhqirə görə min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 37 – ci maddəsinə əsasən “Böhtan” və “Təhqir” cinayətləri üzrə cinayət təqibi xüsusi ittiham qaydasında aparılır. Xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında həyata keçirilir.

Bəzi hallarda sosial şəbəkələrdə qeydiyyatdan keçmiş şəxslər saxta profil hesabı açaraq öz ad soyadlarını gizlədirlər. Lakin saxta profil adlarından istifadə edən şəxslər bir sıra hallarda anonim olduqları üçün cəzasız qalacaqlarını güman edərək digər şəxsləri sosial mediada təhqir etməkdən çəkinmirlər. Bu tip halların qarşısının alınması məqsədi ilə, 29 noyabr 2016 – cı il tarixli 444-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Cinayət Məcəlləsinə yeni məzmunda 148-1-ci maddə əlavə edilmişdir. Bu maddə ilə internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə də cinayət məsuliyyətinə səbəb olur. “saxta istifadəçi adlar, profil və ya hesablar” dedikdə internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə istifadəçinin şəxsiyyətini eyniləşdirməyə imkan verməyən, yəni ad, soyad və ya ata adına dair yalan məlumat yerləşdirilmiş və ya belə məlumatlar gizlədilmiş, habelə digər şəxsə aid məlumatlardan onun razılığı olmadan istifadə edilməklə yaradılmış istifadəçi adlar, profil və ya hesablar başa düşülür.”

İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etməyə görə cinayət işi müraciət əsasında başlanılır.

Sosial şəbəkələrə nəzarət etmək olduqca çətindir. Bu gün Azərbaycanda sosial şəbəkələrdən milyonlarla insan istifadə edir. Lakin bu istifadə hər zaman məqsədə müvafiq olmur. Bu isə nəticədə hüquqi məsuliyyətə səbəb ola bilər.

Son xəbərlər
Digər xəbərlər