Sosial şəbəkələrdə onkoloji xəstələrə və qazilərə yardım məqsədilə yerləşən bank kartlarına informasiya texnologiyalarının imkanlarından istifadə etməklə müdaxilə edən və hesablardakı pulları ələ keçirən şəxs saxlanılıb.
Banker.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, sosial şəbəkələrdə onkoloji xəstəlikdən əziyyət çəkən şəxslərə, həmçinin qazilərə yardım məqsədi ilə yerləşdirilən elanlarda göstərilən bank kartlarına müdaxilə olunduğu və hesablarda olan pulların informasiya texnologiyalarının imkanlarından istifadə edilməklə ələ keçirildiyi barədə DİNə çoxsaylı müraciətlər daxil olub. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalar və həyata keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində qeyd edilən əməli törədən Elçin Quluzadə saxlanılaraq istintaqa cəlb edilib.
Müəyyən edilib ki, Elçin Quluzadə əvvəlcə maddi yardım üçün sosial şəbəkələrdə müxtəlif profillərdə paylaşılan bank kartlarının nömrələrini və həmin şəxslərin əlaqə vasitələrini götürüb. Daha sonra o, saxta mobil kabinetlər yaradaraq hesablarda olan pulları tanımadığı digər şəxslərin və özünün virtual kartlarına köçürərək nağdlaşdırıb və bu yolla zərərçəkənlərə külli miqdarda ziyan vurub.
Saxlanılan şəxsin xeyli sayda vətəndaşın pul vəsaitlərini informasiya texnologiyalarından istifadə etməklə ələ keçirdiyi məlum olub.
Faktla bağlı Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə cinayət işi başlanılıb.
Elçin Quluzadə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bu şəxsin qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşlar varsa Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edə bilərlər.