13 C
Baku
Friday, November 22, 2024

“Sosial sığorta haqqında” qanuna və Vergi Məcəlləsinə dəyişiklik ediləcək

“Sosial sığorta haqqında” qanuna və Vergi Məcəlləsinə dəyişiklik edilməsi nəzərdə tutulur.

Bu barədə Milli Məclisin (MM) Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev Əmək və sosial siyasət komitəsinin iclasında çıxışı zamanı deyib.

Şöbə müdiri nəzərdə tutulan dəyişiklikləri aşağıda qeyd olunan məsələlərlə əlaqələndirib:

“Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin təyin edilməsi və onların fəaliyyətinin təmin olunması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 dekabr tarixli 1936 nömrəli Fərmanı qəbul edilib. Həmin Fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisinə, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, beynəlxalq terrorçuluğa, transmilli mütəşəkkil cinayətkarlığa və kibercinayətkarlığa qarşı mübarizə sahəsində, habelə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyət istiqamətlərinə aid digər sahələrdə əməkdaşlığın səmərəliliyinin artırılması üçün mühüm əhəmiyyət kəsb edən xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda Xidmətin nümayəndələrini təyin etmək səlahiyyəti verilmiş və bu Fərmandan irəli gələn digər məsələlərin həll edilməsi vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılıb.

Göstərilənlərlə bağlı, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 dekabr tarixli 1936 nömrəli Fərmanının 3.3-cü bəndinə uyğun olaraq “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu layihəsi (bundan sonra – layihə) hazırlanıb”.

“Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlir növlərinin siyahısı, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102-ci maddəsində isə gəlir vergisindən azadolmalar və güzəştlər müəyyən edilmişdir. Qeyd olunan normalarda Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda işləyən diplomatik xidmət əməkdaşlarına, diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərə ödənilən müavinətlər, kompensasiyalar və aylıq əlavə, həmçinin mühafizəsi zəruri hesab edilən Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin və konsulluqlarının mühafizəsini həyata keçirən hərbi qulluqçuların xarici ölkədə aldığı əməkhaqqı sosial sığorta haqqından və gəlir vergisindən azad edilən gəlirlər kimi təsbit olunub.

Beləliklə, diplomatik xidmət orqanları əməkdaşları ilə yanaşı təyin olunduqları ölkələrdə dövlət qulluğunun xüsusi növündə xidmət keçən Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin də həmin güzəştlərdən istifadə etmələrinin təmin edilməsi ilə əlaqədar qeyd olunan normativ hüquqi aktlarda dəyişiklik edilməsi zəruri hesab edilib.

Layihə DTX-nin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 25 iyun tarixli 219 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin saxlanma xərclərinin (o cümlədən təmsilçilik xərclərinin) norma və ödəniş Qaydaları”na uyğun olaraq ödənilən bütün növ ödənişlərin (dövlət məvacibi istisna olmaqla) məcburi dövlət sosial sığorta haqqı və gəlir vergisindən azad edilməsini nəzərdə tutur.

Layihə qəbul edildiyi təqdirdə, təyin olunduqları ölkələrdə dövlət qulluğunun müvafiq növlərində qulluq (xidmət) keçən şəxslərə münasibətdə qanunvericiliyin vahid mövqeyinin formalaşdırılması baxımından DTX-nin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin əldə etdiyi gəlirlərindən yalnız dövlət məvacibi məcburi dövlət sosial sığorta haqqına və gəlir vergisinə cəlb olunması təmin ediləcək.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər