Dünya bazarında avro/dollar valyuta cütlüyünün məzənnəsi bir ildən sonra 1,25 USD/EUR səviyyəsinə qədər yüksələ bilər. “Forexpf.ru” saytına istinadən,belə bir proqnozla Fransanın nüfuzlu “Societe Generale” bankının analitikləri çıxış ediblər.
Analitiklər bunu avrozonada iqtisadi göstəricilərin yaxşılaşması ilə izah edirlər: “Son açıqlanan məlumatlar onu göstərir ki, 2009-2014-cü illər ərzində bizi narahat edən kreditləşmənin həcminin artmasında müşahidə olan yavaşlama artıq bitib və iqtisadiyyata təhlükə yaranmır”.
Bu ilin II rübündə isə avrozona iqtisadiyyatı 2,2% illik artıma nail olub ki, bu da son 6 ilin maksimal göstəricisidir. Bankın makroiqtisadi strategiya üzrə mütəxəssisi Kit Caks (Kit Juckes) hesab edir ki, avrozonada hazırkı inflyasiya, əmək bazarı və istehlakçıların əhval-ruhiyyəsi Avropa Mərkəzi Bankının (ECB) monetar siyasətini sərtləşdirməyə başlaması üçün zəmin yaradır.